Rusiya Prezidenti: Bugünkü danışıqlar bütün RusiyaAzərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək


Siyasət 01 Sen 2018 19:13:00 299 0

Rusiya Prezidenti: Bugünkü danışıqlar bütün RusiyaAzərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək

Bugünkü danışıqlar bütün Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

V.Putin qeyd edib: "Bir qədər əvvəl konstruktiv və işgüzar şəraitdə keçən danışıqlar başa çatdı. Qeyd edim ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Əminəm ki, əsas idarələrin rəhbərlərinin və biznes nümayəndələrinin iştirak etdikləri bugünkü danışıqlar bütün Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək".

Rusiya Prezidenti vurğulayıb ki, Azərbaycan Prezidenti ilə imzalanan Birgə Bəyanat, həmçinin hökumətlərarası və idarələrarası sanballı sazişlər paketi məhz buna istiqamətlənib:

"İlk növbədə əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını qeyd edirəm. Bu proqram sənədə ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə belə adlandırılan yol xəritələri daxildir".