SOCAR, Qazprombank və Rusiya İxrac Mərkəzi strateji əməkdaşlıq haqqında razılaşma imzaladılar


Digərləri 01 Sen 2018 16:19:00 252 0

SOCAR, Qazprombank və Rusiya İxrac Mərkəzi strateji əməkdaşlıq haqqında razılaşma imzaladılar

Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Qazprombank" ASC və Rusiya İxrac Mərkəzi Rusiya Federasiyasından ixracın dəstəklənməsi sahəsində gələcək layihələrin effektiv surətdə həyata keçirilməsi məqsədi ilə strateji əməkdaşlıq haqqında razılaşma imzaladılar.

Son.az bildirir ki, SOCAR-dan Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirak etdikləri mərasimdə həmin sənədi "Qazprombank" ASC İdarə Heyətinin sədri Andrey Akimov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Rusiya ixrac mərkəzinin Baş Direktoru Andrey Slepnyov imzaladılar.

Razılaşmanın məqsədi SOCAR-ın həyata keçirdiyi layihələrin ehtiyaclarını qarşılamaq üçün Rusiya istehsalı olan avadanlıqların, habelə iş və xidmətlərin ixracına dəstək göstərilməsi sahəsində uzunmüddətli, səmərəli və əlverişli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Razılaşmaya görə, "Qazprombank" tərəfindən bank xidmətlərinin göstərilməsi, habelə istehsalat obyektlərinin modernləşdirilməsi və sənaye avadanlığının satın alınması istiqamətində şirkətin həyata keçirdiyi cari və investisiya fəaliyyətinin potensial maliyyələşdirilməsi də nəzərdə tutulur. Bundan əlavə, Rusiya İxrac Mərkəzi imzalanmış sənəd çərçivəsində Rusiya istehsalı olan avadanlığın təchizatını, habelə rusiyalı podratçıların iş və xidmətlərini maliyyələşdirən Rusiyanın kommersiya banklarına sığorta təminatının təqdim edilməsini planlaşdırır, eləcə də Rusiya kommersiya bankları tərəfindən verilən kreditlərin faiz dərəcəsinin subsidiya edilməsi məsələsini araşdırmağa hazır olduğunu təsdiqləyir.