Fuad Axundov ErmənistanAzərbaycan münasibətlərinin tarixinə dair biliklərini təkmilləşdirmək üçün materialları Paşinyan və onun həyat yoldaşına təqdim edib


Siyasət 01 Sen 2018 15:46:00 301 0

Fuad Axundov ErmənistanAzərbaycan münasibətlərinin tarixinə dair biliklərini təkmilləşdirmək üçün materialları Paşinyan və onun həyat yoldaşına təqdim edib

"Exo Moskvı" ("Эхо Москвы") radiostansiyası Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundovun müəllifi olduğu "İosif Orbelinin kitabının yoxa çıxması səbəbləri haqqında" ("О причинах исчезновения книги Иосифа Орбели") kitabçasını Ermənistanın baş naziri Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyana təqdim edəcək.

Son.az İnterfaks Azərbaycan-a istinadən bildirir ki, cümə axşamı "Exo Moskvı" radiostansiyasının efirində müsahibə zamanı F.Axundov radiostansiyadan həmin kitabçanı, o cümlədən "Elan olunmayan müharibə"("Необъявленная война") kitabını Ermənistan-Azərbaycan münaqişəsinə dair biliklərini artırmaq məsədilə baş nazir və həyat yoldaşına təqdim etməyi xahiş edib. Radiostansiyanın aparıcıları onun xahişini yerinə yetirməyə razılıq veriblər.

Öncə Ermənistanın baş naziri Nikol Paşinyan "Exo Moskvı" radiostansiyasına müsahibəsində bəyan edib ki, ötən əsrin 80-ci illərində Ermənistanı tərk edən heç bir azərbaycanlı həlak olmayıb.

"Paşinyan azərbaycanlıların Ermənistandan çox dinc şəkildə sürgün edilməsinin baş verdiyini deyəndə yalan danışmayıb, onları hətta qovmayıblar, yola salıblar və heç kəs həlak olmayıb. Bilirəm ki, o, həqiqətən belə düşünür, çünki o zamanlar İcəvanda orta məktəbdə təhsil alırdı (N.Paşinyan 1975-ci il təvəlüddür - İF). Həmin rayon əsrlər boyu Azərbaycanın Qazax rayonunun kəndi olub və orada hər şey nisbətən normal olub. Mən onu anlayıram, çünki ümumilikdə real vəziyyətə dair məlumatı olmayıb", - F.Axundov radiostansiyanın efirində bildirib.

"İstərdim ki, həmin zaman 216 nəfərin öldürüldüyünü təsdiq edən kitabı Paşinayana çatdırasınız", - F.Axundov qeyd edib.

Onun sözlərinə görə, Ermənistandan qovulma zamanı azərbaycanlıların qətlə yetirilməsinə dair erməni mənbələri də var. "Hətta erməni jurnalisti təsdiq edib ki, yalnız Ermənistanın Quqark rayonunda 14 azərbaycanlı qətlə yetirilib. "Exo Moskvı" radiostansiyasının efirində Paşinyanın qeyd etdiyi nöqteyi-nəzərə əsasən, ermənilər heç kəsi öldürməyiblər, Azərbaycanda isə Sumqayıt hadisələri baş verib. Hər halda Paşinyan dövlətin ilk şəxsidir, o danışıqlar aparır. Düşünürəm ki, o, real hadisələr barədə həqiqəti bilməlidir", - F.Axundov vurğulayıb.

F.Axundov həmçinin N.Paşinyanın həyat yoldaşı Anna Akopyana "İosif Orbelinin kitabının yoxa çıxması səbəbləri haqqında" kitabçasını təqdim etməyi xahiş edib.

"N.Paşinyanın həyat yoldaşı Anna Akopyan bildirib ki, Qanzasarı çox sevir. Qanzasarın tarixinə dair bu kitabçanı da A.Akopyana təqdim etməyi xahiş edirəm. Kitabça artıq nəşr olunub, sentyabrın ikinci yarısında təqdimat mərasimi keçiriləcək", - F.Axundov bəyan edib.

"Görkəmli erməni alimi İosif Orbeli olub, o, Ermitajın direktoru olub. Zamanında Qarabağ və Qanzasara dair böyük əsər yazıb. Lakin, kitab çap olunan kimi onu dərhal 1919-cu ildə məhv etdi. Mən bu qəribə hadisələri təhlil etmişəm. Hər müəllif bütün tirajı məhv etmir", - o vurğulayıb.

F.Axundov qeyd edib ki, bu hadisələr müharibənin qızğın çağında baş verib. Həmin vaxt, 1918-ci ildə Cənubi Qafqazın hər üç dövləti - Azərbaycan, Ermənistan və Gürcüstan müstəqillik qazandı. "Ermənistan dərhal Azərbaycan və Gürcüstana müharibə elan etdi. Bizdən Qarabağ və Naxçıvanı, Gürcüstandan - Axalkalaki və Borçalını almaq istəyirdi. Qarabağ uğrunda müharibə ən qanlı olub və indiyədək davam edir. Həmin vaxt bu şəxs kitab çap edir və həmin kitabda erməni kilsəsi ilə mübahisə edir. Həmin kitabda bir dəfə belə olsun "Ermənistan" sözü yoxdur. Mən həmin kitabı arxivdən tapdım və onun əsasında kitabça yazdım. Həmin kitabçanı da Anna Akopyana təqdim etməyi xahiş edirəm. Əminəm ki, o da bütün tarixi bilmir", - o qeyd edib.

F.Axundov bildirib ki, İ.Orbelinin kitabına əsasən Cənubi Qafqaz ərazisində heç zaman Ermənistan mövcud olmayıb və bu gün Erməni kilsəsi adlanan əslində 1863-cü ildə ermənilərə verilən Alban apostol kilsəsi olub.

F.Axundov əmindir ki, İ.Orbelinin əsərləri sadə və adi səbəbdən məhv edilib - onlar Qarabağın alban kilsələrinin qədim erməni mənşəli olmasına dair qəbul edilən konsepsiyaya zidd olub.