Təmsilçimizin UEFA Gənclər Liqasında potensial rəqibləri müəyyənləşib


İdman 01 Sen 2018 11:09:00 260 0

Təmsilçimizin UEFA Gənclər Liqasında potensial rəqibləri müəyyənləşib

Sentyabrın 4-də UEFA Gənclər Liqasının Çempionlar yolunda püşkatma mərasimi keçiriləcək. Goal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının rəqibi də müəyyənləşəcək. Püşkatmada UEFA reytinqinə əsasən seçilmiş 32 ölkənin çempionunun qatıldığı yol üzrə iki mərhələsinin cütləri müəyyənləşəcək. AFFA-nın keçirdiyi Gənclər Liqasının çempionu olan "qırmızı-qaralar"ın ilk raunddakı rəqibi, həmçinin bu cütün qalibi ilə qarşılaşacaq digər dueldə üz-üzə gələn komandalar bəlli olacaq.

Artıq püşkatmaya qatılacaq çempionların hamısı dəqiqləşib. "Qəbələ"nin potensial rəqibi olan 31 komanda bunlardır: "Herta" (Almaniya), "Çelsi" (İngiltərə), "Monpelye" (Fransa), "Anji" (Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Anderlext" (Belçika), "Altınordu" (Türkiyə), "Siqma" (Çexiya), "Bazel" (İsveçrə), PAOK (Yunanıstan), "Admira" (Avstriya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Vitorul" (Rumıniya), "Midtyulland" (Danimarka), "Minsk" (Belarus), "Lex" (Polşa), "Elfsborq" (İsveç), "Makkabi" (Təl-Əviv, İsrail), "Hamilton Akademikal" (Şotlandiya), AEK (Limassol, Kipr), "Molde" (Norveç), "Septemvri" (Bolqarıstan), "Astana" (Qazaxıstan), "Maribor" (Sloveniya), "Jilina" (Slovakiya), "İlleş Akademiya" (Macarıstan), "Şerif" (Moldova), "Reykyavik" (İslandiya), HİK (Finlandiya), "Vlajniya" (Albaniya), "Bohemian" (İrlandiya).

I mərhələnin oyunları oktyabrın 3-də və 24-də baş tutacaq. Bu raundun qaliblərinin qatılacağı II mərhələnin matçları isə noyabrın 7-də və 28-də keçiriləcək. Artıq turnirin Çempionlar Liqası yolunun püşkatması baş tutub və 32 komanda 8 qrupa bölünüb.