Ermənistanda vəziyyətin gərginləşəcəyi, Rusiya ilə ziddiyyətlərin artacağı gözlənilir


Siyasət 01 Sen 2018 07:00:00 262 0

Ermənistanda vəziyyətin gərginləşəcəyi, Rusiya ilə ziddiyyətlərin artacağı gözlənilir

"Əgər Ermənistanda siyasi proseslər indiki kimi davam edərsə, bir neçə aydan sonra ölkədə daxili vəziyyət yenidən gərginləşəcək, Rusiya ilə ziddiyyətlər daha da artacaq".

Bu barədə Son.az-a açıqlamasında "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib.

Onun sözlərinə görə, hadisələrin gedişi göstərir ki, Paşinyan hakimiyyəti üçün ölkəni idarə etmək asan olmayacaq, hətta vəziyyət nəzarətdən çıxa bilər:

"Son zamanlar Ermənistanda korrupsiya ilə mübarizə və 1 mart 2008-ci il hadisələri ilə bağlı başlanan cinayət işləri çərçivəsində bir sıra yüksək vəzifəli şəxslər, eləcə də sabiq prezident Robert Köçəryan istintaqa cəlb edildi. Lakin R.Köçəryan azad edildikdən dərhal sonra yeni siyasi partiyanın yaradıldığını elan etdi. Bu onu göstərir ki, baş nazir Nikol Paşinyanla Qarabağın erməni klanı arasındakı ziddiyyətlər kəskinləşir, hətta uçurum yaranır.

Parlament tərəfindən hökumət başçısı təyin edilən Paşinyan indi Ermənistanda daha köklü dəyişikliklərə nail olmaq üçün yeni parlament seçkilərinin keçirilməsinə çalışır. Çünki vəziyyət göstərir ki, zaman keçdikcə Paşinyan hakimiyyəti Ermənistana vəd etdiyi şeylərin heç birini verə bilmir. Paşinyanın ən böyük yanlışlığı isə odur ki, o, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həm Azərbaycan tərəfinə münasibətində keçmiş hökumətin ritorikasını davam etdirir, həm də Qarabağ klanı ilə münaqişəyə girib. Əlbəttə ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində, o cümlədən Dağlıq Qarabağdakı hərbi birləşmələr və komandirlər Paşinyan üçün böyük təhlükə yaradır. Hələ ki, xalqa və kütləvi mitinqlərə arxalanan Paşinyan duruş gətirə bilir. Lakin ilin sonuna kimi çox güman ki, Ermənistanda daxili vəziyyət yenidən gərginləşəcək".

E.Ələsgərovun fikrincə, bu proseslərin Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə gərginliyin kəskinləşməsi fonunda baş verməsinə də xüsusi diqqət yetirilməlidir: "Çünki Rusiyada artıq ən qatı ermənipərəst qüvvələrin nümayəndələri də, o cümlədən deputat Zatulin Paşinyan hakiyyətinə qarşı iradlar, sərt açıqlamalarla, hətta ittihamlarla çıxış edirlər. Bu onu göstərir ki, Moskvanın Ermənistanın yeni hökumətinə qarşı mövqeyi daha ciddi forma ala bilər. Rusiyanın Cənubi Qafqaz dəmir yollarının Ermənistandakı nümayəndəliyində axtarışların aparılması, Ermənistanın KTMT-dəki generalına qarşı cinayət işinin açılması, eləcə də bir sıra digər məsələr Rusiya-Ermənistan münasibətlərinin incəlməsinə gətirib çıxarıb. Bu onu göstərir ki, Paşinyan hakimiyyətdə qalarsa, iki ölkə arasındakı ziddiyyətlər daha qabarıq və gərgin forma alacaq, eləcə də Ermənistanda daxili siyasi vəziyyət daha da kəskinləşəcək".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət Son.az