Bir çox xəstəliyin dərmanı


Digərləri 31 Avq 2018 22:38:00 533 0

Bir çox xəstəliyin dərmanı

Bəlkə də çox insan meşələrdə yabanı halda bitən göyəmin səhhətimiz üçün nə qədər faydalı olduğunu bilmir. Göyəmin bir çox xəstəliklərə faydalı, soyuğa və susuzluğa qarşı davamlı olmasına baxmayaraq, çoxları bu meyvəni öz həyətində əkmir. Hər il bol məhsul gətirən göyəm həm də bazarlarda çox ucuz qiymətə satılır. Göyəmin meyvəsindən dadlı mürəbbə, cem və kompot hazırlanır. Sağlamlığını düşünən hər kəs göyəm meyvəsinin bu cür təbii üstünlüklərindən faydalanmağı bacarmalıdır.

Son.az bildirir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzun illik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-a müsahibəsində göyəmin faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, göyəm mədəni halda az, yabanı halda geniş yayılmış bitkidir. Digər bitkilərlə müqayisədə nisbətən az tətqiq olunub. Lakin meyvələrinin zəngin tərkibi, şaxtaya və quraqlığa davamlılığı bu bitkinin müxtəlif irimeyvəli formalarının seçilib yaradılmasına səbəb olub. Meyvələrində şəkər (qlükoza və fruktoza), turşu (əsasən alma turşusu), dabbaq maddələri, pektin, karbohidratlar, steroidlər, triterponoidlər, azot tərkibli birləşmələr, mineral duzlar, müxtəlif vitaminlər (C,E), karotin, kumarinlər, katexinlər, flavanoidlər, ali spirtlər, həmçinin piyli yağlar - linolin, palmitin, stearin, olein və eleosterinlər vardır. Göyəm yarpağı C vitamini ilə zəngindir. Meyvələrindən əsasən emal olunmuş halda istifadə edilir.