"Valideyn övladının geyimini istədiyi yerdə tikdirə bilər"


Digərləri 31 Avq 2018 20:24:00 339 0

"Valideyn övladının geyimini istədiyi yerdə tikdirə bilər"

"Əgər valideynlərə tikiş evləri tərəfindən təklif edilən geyimlər baha gələrsə, bu zaman özləri bu məsələni həll edə bilərlər".

Ümumtəhsil məktəblərində şagirdlər üçün vahid formada məktəbli geyiminin tətbiqi uzun illərdən bəri təhsil sistemində mütərəqqi ənənələrdən biri olub. Maddi imkandan asılı olmayaraq, bütün şagirdlərin məktəbə eyni geyimdə gəlməsi sosial bərabərliyin real nümunələrindən biri kimi ictimaiyyət tərəfindən həmişə bəyənilib.

Ancaq son dövrlərdə bu məsələ müəyyən formada valideynlərin narahatlığına səbəb olur. Ümumtəhsil məktəbləri üçün vahid forma Bakı Tikiş Evi (BTE) tərəfindən münasib qiymətə satılsa da, bəzi məktəblər öz formalarını bir qədər baha qiymətə təklif edir.

Son.az xəbər verir ki, Sputnik Azərbaycan-a danışan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hazırda respublikanın, demək olar, 4500-dən çox orta təhsil müəssisəsində şagirdlər məktəbə vahid formada gedirlər: "Etiraf etməliyəm ki, bu, təhsilin keyfiyyətinə müsbət təsir göstərməklə bərabər, həm də nizam-intizamın yaxşılaşmasına gətirib çıxarır. Bir məqamı xüsusi qeyd edim ki, hər bir məktəbin pedaqoji şurası öncədən müəyyən olunan dizayn və məktəbli formalarının etiketlərini məktəb kollektivi ilə müzakirəyə çıxarır. Məktəb üçün uyğun hesab olunan dizaynda qəbul edilən məktəbli forması həmin tədris ili üçün vahid forma kimi qəbul edilir".

Ekspert qeyd edir ki, bəzi orta ümumtəhsil məktəblərimiz ibtidai və yuxarı sinif şagirdləri üçün fərqli məktəbli formaları tətbiq edir: "Düzdür, bəzi hallarda məktəb direktorları tikiş evləri ilə qeyri-rəsmi razılıq əldə edir ki, bütün şagirdləri ancaq o satış dükanından forma almağa yönəltsinlər. Amma hər bir valideyn məktəb tərəfindən təsdiq edilmiş formanın eskizini əldə edərək, formanın təsdiq edilən standartlara uyğun olması şərti ilə, övladının geyimini istədiyi yerdə tikdirə bilər".