AİErmənistan müqaviləsinin taleyi: 2017ci il sazişini ermənilərin "təftiş" cəhdləri


Dünya 31 Avq 2018 18:57:00 286 0

AİErmənistan müqaviləsinin taleyi: 2017ci il sazişini ermənilərin "təftiş" cəhdləri

Son.az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

Son vaxtlar Ermənistanın siyasi və ekspert dairələrində "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində 2017-ci ildə İrəvanla Brüssel arasında imzalanmış "geniş və hərtərəfli əməkdaşlıqla" bağlı sənəd geniş müzakirə olunur. Ekspertlər həmin sənədin konkret bəndlərini təhlil ediblər. Belə qənaətə gəlinib ki, əslində, "geniş və hərtərəfli" ifadəsi rəmzi xarakter daşıyıb, real bazaya malik deyil. Ermənistan Avropa İttifaqı ilə həqiqi əməkdaşlıq etmək imkanlarına malik deyil. Tərəflər, sadəcə, bir-birlərinə formal əlaqələr prizmasından yanaşırlar. Bunun isə praktiki nəticəsi ola bilməz. Məsələ ondan ibarətdir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü kimi əsas əməkdaşlıq istiqamətini birdəfəlik seçib. Onun bu təşkilatdan çıxması perspektivdə belə mümkün deyil. Çünki Kreml Ermənistanın təsir altından çıxmasına qətiyyən imkan verməz. Bununla yanaşı, Ermənistan geosiyasi aspektdə özünü xeyli dolaşdırıb. O, obrazlı desək, növbəti dəfə quyuya düşüb. Bu kimi məsələlərin analizi maraqlı olardı.

İmkansız tərəfdaş: Brüsselin formal müqaviləsinin ziddiyyətləri

"Atlantic Council" analitik mərkəzinin eksperti Anders Oslund (İsveç) Ermənistanın Avropa İttifaqı ilə imzaladığı son sazişi "mənasız sənəd" adlandırıb (bax: Anders Åslund. Does the EU Even Care about Eastern Europe Anymore? / Atlanticcouncil.org, 27 noyabr 2017). Avropalı mütəxəssis arqument kimi tərəflərin bir-biri ilə əməkdaşlıq etməsi üçün lazımi bazanın olmamasını gətirir. Eyni zamanda, onların real qarşılıqlı əməkdaşlıq həvəsində və imkanında olmadıqlarını da vurğulayır.

Bəzi erməni "ekspertləri" istisna olmaqla əksəriyyət bu qənaətdədir. 2017-ci il noyabrın 24-də Brüsseldə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Aİ ilə İrəvan "geniş və hərtərəfli əməkdaşlıq haqqında müqavilə" imzalayıblar. Sənədə görə, tərəflər qarşılıqlı əməkdaşlığı genişləndirməyə və dərinləşdirməyə razı olduqlarını bildiriblər. Ancaq bunun reallaşdırılması mexanizmi ekspertlərdə ciddi suallar doğurur.

Problemin kökü 2013-cü ilin sentyabrında İrəvanın Aİ ilə assosiativ üzvlük haqqında sazişi imzalamaq əvəzinə, gözlənilmədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına gedib çıxır. Bu dəyişiklik o demək idi ki, Rusiya öz forpostunun Avropa ilə əməkdaşlığına ciddi sərhədlər qoyur. Assosiativ üzvlükdən imtina faktiki olaraq Aİ ilə Moskvanın göstərişlərinə uyğun davranılacağının siqnalı idi. O zaman Brüssel İrəvandan incimişdi. Müəyyən təmaslar olsa da, ciddi əməkdaşlıq yox idi. Müqayisə üçün deyək ki, Azərbaycanın xarici ticarətinin 50 faizi Aİ ölkələrinin payına düşür. Bu, real tərəfdaşlıq və bərabərhüquqlu əməkdaşlıq deməkdir. Ermənistan isə müstəqil surətdə heç bir tutarlı proqramı Aİ ilə həyata keçirmir. Onun iqtisadi, ticari, enerji və təhlükəsizlik problemləri birbaşa Kremldən asılıdır. Və onun əmrinə uyğun da həllini tapır.

Məsələn, Ermənistan ekspertlərinin özləri də yazırlar ki, "Qazprom" faktiki olaraq Ermənistan iqtisadiyyatına nəzarət edir (bax: məs., Наира Айрумян. Угрожает ли Соглашение Армения-ЕС Газпрому / Lragir.am, 1 dekabr 2017). Bu şirkət öz maraqlarına zidd olaraq Avropa İttifaqının Ermənistan iqtisadiyyatına ciddi yatırımlar etməsinə razı olmaz. Rusiyalı mütəxəssislər Aİ-Ermənistan sazişində yer almış bir neçə bənd üzrə bunu sübut edirlər. Məsələn, Metsamor AES ilə bağlı situasiyanın tam qeyri-müəyyən olduğu vurğulanır. Qeyd edilir ki, bu stansiyanın bağlanmasını Brüssel çoxdan tələb edir, ancaq bunun Moskvaya nə dərəcədə uyğun olduğu məlum deyil. Ölkənin elektrik enerjisinə olan tələbatının 40 faizini təmin edən bir stansiyanın bağlandığı halda onu nə ilə əvəz edə biləcəklər?

Problemli İrəvan: bir neçə geosiyasi risk

Rusiya ekspertləri qeyd edirlər ki, "bu, Moskvanın deyil, İrəvanın öz problemidir" (bax: məs., Ирина Алкснис. Договор Армении с Евросоюзом: почему это не проблема России / РИА Новости, 18 noyabr 2017). Ancaq məsələnin bir ucunun Rusiyanın Ermənistandakı enerji varlığına gəlib çıxdığı şübhə doğurmur. Buna görə də Metsamor AES yalnız Ermənistanın problemi deyil. Rusiya onun hansı müəssisə ilə əvəz ediləcəyi ilə çox maraqlanır.

Başqa bir məqam saziş imzalanandan dərhal sonra İranın iş adamlarının Ermənistana səfər etməsi ilə əlaqəlidir. Niyə Aİ ölkələri deyil, məhz İran? Bunu erməni ekspertlər belə izah edirlər ki, İran daha ucuz qiymətə qaz təklif edir. Onlar hesab edirlər ki, Aİ ilə saziş Ermənistanın Rusiyanın təsirindən çıxması anlamına gəlir və həmin məkanda İran Rusiyaya enerji sahəsində rəqib ola bilər. Təbii ki, Moskva bunu da qəbul etməz və onun əks-reaksiyası qaçılmazdır. O cümlədən "Qazprom" öz sözünü deyəcək.