Ekspert: Azərbaycanın digər ölkələr üçün rahat partnyor olması son dövrlərdə daha geniş miqyasda özünü göstərir


Siyasət 31 Avq 2018 16:55:00 249 0

Ekspert: Azərbaycanın digər ölkələr üçün rahat partnyor olması son dövrlərdə daha geniş miqyasda özünü göstərir

Azərbaycan güclü dövlət olmasaydı, onun müxtəlif birlik formatları ilə münasibətlər qurması fikirləri bu qədər canlı reaksiyalarla qarşılanmazdı.

Son.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, Azərbaycanın digər ölkələr üçün rahat partnyor və ya etibarlı müttəfiq olması son dövrlərdə daha geniş miqyasda özünü göstərməkdədir:

"Ölkəmiz malik olduğu iqtisadi, nəqliyyat, tranzit, logistika, ticarət imkanlarını heç vaxt siyasiləşdirmir, bu imkanları başqalarına qarşı təsir vasitəsinə çevirməkdən tam uzaq dayanır. Son vaxtlarda bir sıra region və qeyri-region ölkələrinin mötəbər dövlət rəsmilərinin Azərbaycan Prezidenti ilə təmaslarının daha da intensivləşməsində bu amillər həlledici rol oynayır. Qısa vaxt ərzində İtaliya və Tacikistan prezidentləri, Almaniya Kansleri, Gürcüstanın Baş naziri, Türkiyə parlamentinin sədri və Çinin dövlət rəsmilərinin Azərbaycana etdikləri səfərlər təsadüf deyil. Bu səfərlər Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlıq naminə özünün bütün nəqliyyat-tranzit imkanlarını açmağa hazır olması və şəxsən Prezident İlham Əliyevin konstruktiv dialoqa əsas iş üsulu kimi baxması ilə birbaşa əlaqəlidir".

Ekspert vurğulayıb ki, Xəzərin statusunun uğurla müəyyənləşdirilməsindən sonra bu proses xeyli canlanıb:

"Bütün ölkələr bir daha gördülər ki, mürəkkəb regional ve geosiyasi şəraitdə Azərbaycan diplomatiyası Xəzərin statusu məsələsində dövlətlərarası balans nöqtəni təmin etməkdə xüsusi məharət nümayiş etdirdi. Ölkəmizin regionda dayanıqlı sülh və hamı üçün faydalı münasibətlər mühitinin yaradılmasında sonadək maraqlı olduğu bir daha təsdiqləndi. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyadan sonra Azərbaycanın xarici siyasət orbiti ilə bağlı bir neçə hadisəni xatırlamaq kifayətdir ki, ölkəmizlə isgüzar əməkdaşlıq meyillərinin hansı artım dinamikasına malik olduğunu görək. Xəzər iqtisadi forumu adlı yeni format üzrə hazırlıqlara start verildi, Türkmənistan Bakı-Tbilisi-Qarsla daşımalara marağını ortaya qoydu, Özbəkistan "Şimal-Cənub" dəhlizinə qoşulacağını və Azərbaycan-Gürcüstan-Türkiyə xətti ilə Avropaya çıxmaqda maraqlı olduğunu açıqladı, Cənub Şərqi Asiya ölkələrinə çıxış üçün Azərbaycana öz tranzit imkanlarını təklif etdi, hətta Əfqanıstan Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə işləmək üçün Lapis-Lazuli dəhlizini açacağını bildirdi".

Baş redaktor bildirib ki, bütün bunlar Azərbaycanın dünyada oxşarı olmayan kontinental iqtisadi, ticarət, nəqliyyat, tranzit və logistika mərkəzinə çevrildiyini göstərən faktlardır:

"Son vaxtlar ölkəmizin KTMT və Avrasiya İqtisadi Birliyi ilə əlaqələrinin artırılması barədə mülahizələrə də tək Azərbaycanın istəklərindən qaynaqlanan təzahürlər kimi baxmaq düz deyil. Bunlar həm də Azərbaycanın regional və hətta kontinental güc və təsir imkanlarının getdikcə böyüməsi ilə birbaşa əlaqəlidir. Azərbaycan həqiqətən güclü dövlət olmasaydı, onun müxtəlif birlik formatları ilə münasibətlər qurması barədə fikirlər bu qədər canlı reaksiya ilə qarşılanmazdı. Ölkəmiz beynəlxalq təsirli mövqeyi, şərti yanaşsaq, iki amilin təsiri altında əldə edib: coğrafi mövqedən irəli gələn əla nəqliyyat-tranzit imkanları və Azərbaycan Prezidentinin dövlətlərarası maraq balansı yaratmaqda mahir diplomatiya yürütməsi".