İradə İbrahimova: "Sudan bütün sahələrdə səmərəli və qənaətlə istifadə olunmalıdır"


Sosial 31 Avq 2018 14:30:55 299 0

İradə İbrahimova: "Sudan bütün sahələrdə səmərəli və qənaətlə istifadə olunmalıdır"

"Hədəfimiz ölkənin su ehtiyatlarından səmərəli istifadə edilməsinə nail olmaqdır"

"Təəssüf ki, bu gün Azərbaycanda içməli sudan ağacların suvarılmasında, avtomobillərin yuyulmasında israfçılıqla istifadə olunur".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bütün sahələrdə sudan istifadə edərkən su itkisinin az olmasına çalışmaq lazımdır: "Azərbaycan da az rütubətli ölkədir və ölkənin Kür-Araz ovalığı, Abşeron yarımadası kimi düzən zonaları quraq ərazidə yerləşdiyindən yerli su ehtiyatlarımız məhduddur. Sudan bütün sahələrdə səmərəli və qənaətlə istifadə olunmalıdır. İçməli suya daha çox qənaət göstərməklə ondan texniki məqsədlərlə istifadəyə yol verməməliyik. Bu yalnız dövlət qurumlarının deyil, bütün istifadəçilərin və əhalinin əsas məqsədi olmalıdır".

Nazirlik rəsmisi əlavə edib ki, sudan səmərəli və qənaətlə istifadə edilməsə, israfçılığa yol verilsə, gələcək nəsillər bu israfçılığın acı fəsadlarını yaşayacaqlar: "Nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri də bu sahədə əhali arasında geniş və hərtərəfli təbliğat aparmaqdır. Nazirlik tərəfindən su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması məqsədilə maarifləndirici video-çarx hazırlanıb. Ümid edirik ki, KİV-lər video-çarxın yayımlanmasında yaxından iştirak edəcək və bu kampaniyaya dəstək verəcəklər".