Ozobiç: "BATE-yə kimin yaxşı olduğunu göstərəcəyik"


İdman 31 Avq 2018 13:27:00 280 0

Ozobiç: "BATE-yə kimin yaxşı olduğunu göstərəcəyik"

"Qarabağ"ın futbolçusu Filip Ozobiç evdə Moldova "Sheriff"inə 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının "play-off" mərhələsinin cavab görüşündən sonra brifinq keçirib.

Goal.az xəbər verir ki, 3-cü qolun müəllifi olan xorvatiyalı yarımmüdafiəçi öncə oyunu dəyərləndirib:

- Hesab edirəm ki, iki oyuna görə, biz daha məzmunlu futbol sərgilədik və daha çox layiq olan qalib gəldi. Çox sevinirəm ki, Avropa Liqasının qrupunda oynayacağıq.

Öz oyunun barədə nə düşünürsən: Fərqlənəcəyini düşünürdün?

- Əlbəttə, qol vurmaq istəyirdim. Sevinirəm ki, fərqlənməyi bacardım. İnanıram ki, qarşıdakı matçlarda da qol vurmağı bacaracağam.

Bu gün oyuna sanki xüsusi motivasiya ilə çıxmışdınız. Bu, bizə elə gəlirdi, yoxsa..?

- Oyunun əhəmiyyəti çox böyük idi. Tərəzidə Avroliqanın qrupu dayanmışdı. Zənnimcə, bu axşam yaxşı oynadıq.

Rəqib düşərgədə həmyerlilərin - baş məşqçi və bir futbolçu xorvatiyalı idi. Oyundan sonra onların əlini sıxarkən tərəddüd etmirdin?

- Xeyr. Axı, bu futboldur və hər kəs öz komandasının uğuru üçün çalışır. Bu gün “Qarabağ” qələbəyə daha layiq idi. Yeri gəlmişkən, məni qələbə münasibəti ilə təbrik etdilər və qrup mərhələsində uğurlar arzuladılar.

Sabah qrup mərhələsinin püşkatmasıdır. Yenidən BATE-ylə qarşılaşmaq istərdinmi?

- Deyə bilmərəm, kimlərlə qarşılaşacağıq. Ancaq onlarla düşsək, kimin daha yaxşı olduğunu göstərməyə çalışacağıq.

İki dəfə “Qəbələ”nin heyətində Avropa Liqasının qrupunda oynamısan. İndi isə “Qarabağ”la eyni həyəcanı yaşayacaqsan. Hansı komanda ilə oynamaq sənə daha maraqlı gəlir?

- Mən “Qarabağ”ın futbolçusuyam və ən yaxşı oyunumu nümayiş etdirmək istəyirəm. Ümid edirəm ki, çoxlu xal toplayacağıq.