Azərbaycan XİN Qubadlının işğalının 25-ci ildönümü ilə əlaqədar açıqlama yayıb


Digərləri 31 Avq 2018 12:34:57 207 0

Azərbaycan XİN Qubadlının işğalının 25-ci ildönümü ilə əlaqədar açıqlama yayıb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama yayıb.

Bakı. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama yayıb. Trend-in məlumatına görə, açıqlamada deyilir: "1993-cü il avqustun 31-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənar yerləşən Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ərazisi 802 kvadratkilometr və 1993-cü il üçün əhalisi 30 minə yaxın olan, 1 şəhər və 93 kənddən ibarət Qubadlı rayonunun işğalı zamanı 192 nəfər soydaşımız şəhid olub, 238 nəfər yaralanıb, 49 nəfər isə girov götürülərək işgəncələrə məruz qalıb. İşğalçılar tərəfindən rayon sakinlərinə qarşı kütləvi etnik təmizləmə həyata keşirilib, dövlət və özəl mülkiyyət obyektləri talan edilib. Onların arasında 7278 fərdi ev və mənzil, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, o cümlədən 3 muzey və 50-dən artıq tarixi abidə var idi. Hal-hazırda Qubadlı rayonunun təqribən 41 minlik əhalisi əsasən Sumqayıt şəhəri olmaqla, Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır. Digər işğal edilmiş ərazilərdə olduğu kimi, Qubadlı rayonu ərazisində də Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir. Onların arasında son tunc - erkən dəmir dövrünə aid Qubadlı şəhərinin qədim hissəsində yaşayış məkanı, Əliquluuşağı kəndindəki iki qala və Muradxanlı kəndindəki qala, Başarat kəndindəki Orta əsrlərə aid Qafqaz alban məbədi, Qayalı kəndinə yaxın Yazı düzündəki XIV əsrə aid qəbristanlıq və Cavanşir türbəsi, Dəmirçilər kəndindəki XIII-XIV əsrlərə aid iki türbə, müxtəlif kəndlərdə olan çoxlu sayda məscidlər, Qubadlı Tarix müzeyində saxlanılmış 3 min eksponat və sair abidələr dağıntılara və talana məruz qalıb.