"Angela Merkelin Azərbaycana səfəri kəşfiyyat xarakteri daşıyırdı"


Siyasət 31 Avq 2018 07:00:00 306 0

"Angela Merkelin Azərbaycana səfəri kəşfiyyat xarakteri daşıyırdı"

"Almaniya kansleri xanım Angela Merkel Cənubi Qafqaza məhz Azərbaycana görə səfər etmişdi. Bunu həm alman ekspertlərinin təhlilləri, həm də müzakirələrin gedişatı təsdiqləyir".

Belə bir maraqlı fikirlə Son.az-a açıqlamasında "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov çıxış edib.

Onun sözlərinə görə, Almaniya hökumətinin başçısının Azərbaycana səfərinin məqsədlərindən biri burada təbii qaz alışı ilə bağlı "kəşfiyyat" aparmaq idi:

Almaniyanın Cənubi Qafqazda ən çox qazanc əldə etdiyi ölkə - Azərbaycanı tramplin kimi görürlər "Angela Merkelin Bakıya tərkibində iri biznes qurumlarının rəhbərləri də daxil olmaqla böyük heyətlə gəlməsi onu sübut edir ki, Almaniya Cənubi Qafqazda məhz Azərbaycana daha çox maraq göstərir. Burada iqtisadi maraqlar da çox qabarıq görünür. Böyük miqyasda götürsək, strateji baxımdan Merkelin Azərbaycana səfəri qazla bağlıdır. Belə ki, Rusiyadan Almaniyaya çəkilən Şimal Qaz Dəhlizinin taleyi təhlükə altındadır. Bunun üçün ABŞ prezidenti Donald Tramp da Almaniyaya təzyiq göstərir və açıq-aşkar buna əngəllər yaradır. Ona görə də Merkelin Bakıya səfəri kəşfiyyat xarakteri daşıyırdı. Belə ki, əgər hansısa səbəbdən Şimal Qaz Dəhlizi ilə Rusiyadan qazın alınması mümkün olmasa, hansı digər mənbədən qaz alınması ilə bağlı götür-qoy edilir. Təbii ki, ağıla gələn odur ki, bu, ilk növbədə Cənub Qaz Dəhlizi ola bilər. Təsadüfi deyil ki, Bakıda danışıqlar zamanı Türkmənistandan Xəzər dənizinin dibi ilə Azərbaycana mümkün qaz kəmərinin çəkilməsi perspektivlərinə də toxunulub. Prezident İlham Əliyev də Azərbaycanın mövqeyini açıq şəkildə bildirib. Yəni biz bu məsələdə təşəbbüskar ola bilmərik, çünki qaz başqa ölkənindir, amma tranzit ölkə olmağımız müsbət haldır və gələcəkdə belə bir variantın gerçəkləşməsi mümkündür".

E.Ələsgərovun qənaətincə, ümumiyyətlə Almaniyanın Cənubi Qafqazda, xüsusən Azərbaycanda böyük maraqları var: "Azərbaycanda böyüklü-kiçikli bir sıra alman şirkətləri fəaliyyət göstərir. Bakıda danışıqlar zamanı bəzi gələcək iqtisadi-ticari layihələrlə bağlı məsələlərə də toxunulub. Onlardan məsələn, alman şirkətlərinin Azərbaycanda dəmir yollarının modernləşdirilməsi və ölkəmizə yeni texnologiyaların gətirilməsində böyük rolu ola bilər. Ümumilikdə, Almaniya yaranmış vəziyyəti qiymətləndirib burdakı iqtisadi-ticari maraqlarını təmin etmək, Şərqlə Qərb arasında körpü olan Azərbaycandan daha çox qazanc əldə etmək niyyətindədir. Merkelin səfəri də bu niyyətlərin həyata keçirilməsi üçün bir təşəbbüs kimi qiymətləndirilməlidir".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət Son.az