Halal ruzimizə haram qatmayaq!


Digərləri 30 Avq 2018 22:55:00 267 0

Halal ruzimizə haram qatmayaq!

İslamın təkidlə vurğuladığı əsas göstərişlərdən biri də haram qazancdan üz çevirmək və halal ruzi qazanmaqdır.

Son.az maide.az-a istinadən bildirir ki, haram qazanc axirət əzabına səbəb olmaqla yanaşı, dünyada da acı təsirləri vardır. Məxsusən, ağır ötüşən və haram qazancların artdığı bu zəmanəmizdə iman əhli halal ruzi qazanmaq üçün diqqətli və tədbirli olmalıdır. "Qüdsi hədis"də belə oxuyuruq: "Həqiqətən, Allah-Taala yaratdıqları arasında ruzini halal şəkildə bölüşdürdü. Əgər bir kəs haramla qidalanarsa, bir o qədər halaldan məhrum olacaq və qiyamət günü də ağır cəzalara məruz qalacaq." ("Üsuli-kafi", (Darul-hədis) 9-cu cild, səh.547.)

Bir gün gələcək ki, adətən, yemək, içmək, geymək və digər gündəlik tələbatımıza xərc çəkdiyimiz qazanc, onun haradan qazanıldığı və hara xərclənildiyi haqda sorğu-suala tutulacağıq. Kaş insan həmin günü unutmayaydı:

يَوْمَ‏ تَأْتي‏ كُلُ‏ نَفْسٍ‏ تُجادِلُ‏ عَنْ‏ نَفْسِها وَ تُوَفَّى كُلُّ نَفْسٍ ما عَمِلَتْ وَ هُمْ لا يُظْلَمُون‏

"(Yadınıza salın ki,) o gün (qiyamət günü) hər kəs öz canının hayında olacaq, hər kəsə əməlinin əvəzi veriləcək və onlara heç bir haqsızlıq edilməyəcək!" ("Nəhl" surəsi, ayə 111.)

Haram qazancla dolanan insanın o gün vəziyyəti ağır olacaq:

خاشِعَةً أَبْصارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ذلِكَ الْيَوْمُ‏ الَّذي كانُوا يُوعَدُونَ

"Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara vəd olunmuş həmin qiyamət günüdür!" ("Məaric" surəsi, ayə 44.)

Qurani-Kərimin vəd etdiyi o günü xatırlamalı, o gündən qorxmalı, haram qidadan çəkinməli, özümüz və əhli-əyalımız üçün halal ruzi qazanmalıyıq!

HARAM MALDA BƏRƏKƏT OLMAZ