Çirkli hava "dərketmə qabiliyyətini zədələyir"


Digərləri 30 Avq 2018 21:35:00 273 0

Çirkli hava "dərketmə qabiliyyətini zədələyir"

Uzun müddət ərzində çirkli hava ilə nəfəs alan insanlarin dərketmə qabiliyyəti zəifləyə bilər, Çində aparılmış yeni tədqiqatın nəticələri güman etməyə əsas verir.

Tədqiqatçılar hesab edir ki, havanın çirklənməsinin mənfi təsiri yaş artdıqca güclənir, təhsil və maariflənmə səviyyəsi aşağı olan yaşlı kişilərə çirkli havanın mənfi təsiri daha güclü ola bilər.

Alimlərə görə, məhz bu kateqoriyaya aid insanlar ev xaricində, açıq havada aparılan işlərdə daha çox iştirak edirlər.

ABŞ və Çinin qarışıq elmi qrupu 4 il ərzində 20 min adamın riyazi və danışıq qabiliyyətinin havanın təsiri altında necə dəyişdiyini izləyib.

Tədqiqatçılar əldə etdikləri nəticələrin qlobal miqyasda faydalı ola biləcəyinə ümid edirlər.

Alimlərin qeyd etdiyinə görə, indi bütün dünyada şəhər sakinlərinin təxminən 80 faizi çirkli hava ilə nəfəs alır.

Tədqiqat Pekin Universiteti ilə ABŞ-ın Yale Universiteti arasında əməkdaşlıq əsasında aparılıb - tədqiqat zamanı kükürd dioksidi, azot dioksidi və ölçüsü 10 mikrometrdən az olan hissəciklərin insanın beyninə təsiri araşdırılıb.

Dəm qazı, ozon və daha iri hissəciklər tədqiqatda nəzərə alınmayıb.

"Görünməz qatil" adlanan çirkli hava təxminlərə görə, hər il dünyada 7 milyon insanın ölümünə səbəb olur, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verir.