Dəb nədir? Nə geydiyimizə kim qərar verir?


Digərləri 30 Avq 2018 21:05:00 240 0

Dəb nədir? Nə geydiyimizə kim qərar verir?

Gələcəyi görmək

Dəb sənayesi dünyanın özü kimi hər an dəyişməkdədir, lakin bu dəyişkənlik son illər ərzində iqtisadi və texnoloji yeniliklər əsasında sürətlənməkdədir.

İndiki dövrdə dəbli geyimlərin nə olduğunu müəyyənləşdirən Paris, London, Milan və New York-un nüfuzlu dizayn evlərinin qərarları ilə yanaşı, məşhurlar, sosial media və təhqiqatçıların də təsiri mühümdür.

Son illərdə sosial mediada nəhəng nüfuza sahib olan Kylie Jenner və Gigi Hadid kimi məşhurların dəb sənayesinə təsiri hiss olunur.

Bazarlarda dəyişikləri təhlil edən təhqiqatçılar isə müxtəlif ölkələrdə satışları illərlə öncədən proqnozlaşdırırlar.

Rəqabət artdıqca dəb sənayesindəki ənənəvi strukturlar fəaliyyətini bu cür müxtəlif qüvvələrin təsiri ilə dəyişməkdədirlər.

Məşhurlar

Yeni kolleksiyaların mənbəyinin hələ də Channel və Dior kimi nəhəng dəb evləri olmağına baxmayaraq, on milyonlarla təqibçiyə sahib olan məşhurların təsiri artmaqdadır.

Cara Delevigne

Model və aktrisa Cara Delevigne-nin Instagram-da milyonlarla təqibçisi var və bəzi dəb təhlilçiləri qaş implantasiyalarının məşhurlaşmasının arxasında onun təsirinin olduğunu iddia edir.

Kardashian və Jenner ailəsi

2010-cu ildə qadınların sevdiyi, lakin kişilərin nifrət etdiyi dəblər barədə yaratdığı Man Repeller (Kişi Qovan) adlı bloqu ilə sosial mediada populyarlaşan Leandra Medine kimiləri isə internetdəki məşhurluqları ilə dəb dünyasında yeni nüfuza sahib olmaqdadırlar.

Leandra Medine moda bloqu ilə məşhurlaşıb.

Məşhurların dəb dünyasına bilavasitə təsirinin nümunələri heç də az deyil. Müğənni Taylor Swift-in ağ rəngli Balmain geyimində şəkli dərc olunduqdan sonra 24 saat ərzində bu don tamamilə satılmışdı.

Müğənni Taylor Swift-in ağ rəngli Balmain geyimindəki şəkli, bu donun satışlarını kəskin şəkildə artırdı.

2010-cu ildə isə şahzadə William-ın həyat yoldaşı Kate Middleton-un nişan mərasiminə geyindiyi göy rəngli paltar onun satışını kəskin şəkildə artırdı.

Buna hətta "the Kate Middle Effect" (Kate Middleton effekti) adı verilmişdi.

Kate Middleton və şahzadə William

Proqnozlar

Dəb proqnozçuları mədəniyyət və alternativ mədəniyyətlərin gələcəkdə dəbə təsirini proqnozlaşdırırlar.

Bunu etmək üçün onlar adi insanların "küçə geyimləri"ni və sosial şəbəkələri araşdırırlar.

Buna səbəblərdən biri, sosial medianın ənənəvi strukturlara yaratdığı alternativlərdir.

Artıq insanlar sosial mediada külli sayda təqibçi toplayaraq özlərinin yaratdığı dəblərin populyarlaşmasına imkan yarada bilirlər.

Bu isə ənənəvi dizaynerlərin yaratdığı dəb geyimlərinin əvvəlki idarəçi qüvvəsi üçün rəqabət yaradır.

Keçmiş futbolçu David Beckham və Victoria Beckham-ın oğlu Brooklyn Beckham-ın sosial şəbəkələrdə milyonlarla izləyicisi olduğundan o, Burberry şirkətinin kolleksiyasının şəkillərini çəkməyə dəvət olunub.

McKinsey kimi konsaltinq şirkətləri isə iqtisadi məlumat bazalarını müşahidə edərək dəb sənayesinin necə dəyişdiyini proqnozlaşdırırlar.

McKinsey & Company şirkəti ən son "Dəbin Vəziyyəti" hesabatında qeyri-müəyyənlik və qlobal iqtisadiyyatda dəyişkənliklə yanaşı, internet vasitəsilə artan rəqabətliyin dəb sənayəsinə dərin təsiri olduğunu bildirib.

Hesabatda dünya iqtisadiyyatının getdikcə Asiyaya doğru istiqamətləndiyi və bunun dəb sənayesinə də təsir göstərəcəyi qeyd olunur.

İnternet ticarət şəbəkələrində kəskin artıma sahib çıxan yeni şirkətlərlə rəqabət aparmaq üçün isə, ənənəvi brendlər də onlayn xidmətlərini müasirləşdirərək yeni geyimlərin dizayn mərhələsindən satışa çıxması sürətini artırmağa çalışırlar.

Paris Moda Həftəsi, oktyabr 2017

Bir kolleksiyanın dövriyyəsi

Dəb, texnologiya və sosial media inkişaf etdikcə trendlərin tez-tez dəyişməsi artıq o qədər də təəccübləndirici deyil.

Yaradıcılıq prosesi təxminən belə reallaşır:

Trend proqnozçuları: İnformasiya və mədəniyyət təhqiqatçıları illərlə qabaqda nəyin dəbdə olacağını proqnozlaşdırırlar. Dəb evləri: Proqnozçuların topladığı məlumat və dəb evləri dizaynerlərinin yaradıcılığı birlikdə 30-120 hissədən ibarət kolleksiyanın hazırlanmasına xidmət edir. Nümunəvi kolleksiya və görünüş kitabı: bu nəşrlər dəb evləri tərəfindən hazırlanır və dəb alıcılarına paylanır. Kolleksiyalar ildə iki dəfə buraxılır: Yaz/Yay və Payız/Qış kolleksiyaları. Dəb həftələri sezonun başlanmasından altı ay əvvəl keçirilir. Dəb alıcıları: Kolleksiyaların mağazalarda satılıb-satılmaması barədə qərar verirlər. Dəb festivalları: Vaxtilə özəl və yalnız ticarətçilərin dəvət edildiyi bu tədbirlər artıq internetlə dünyaya canlı yayımlanır. Hətta bəzi geyimləri internetlə podiumun özündən almaq mümkün olur. Erkən dəbə salanlar və onlayn şəxsiyyətlər: Dəb bloqerləri və məşhurlar dəb brendlərinin və ya kolleksiyaların taleyinə təsir göstərməyə qadirdirlər. Dəb geyimlərinin təchizat zənciri: Parçalar əldə edilir, geyimlər istehsal olunur və müştərilərə və ya mağazalara çatdırırlır.