İnstitut direktoru: Azərbaycan bərk buğdanın əsas ixracatçılarından biri ola bilər


Digərləri 30 Avq 2018 13:26:00 210 0

İnstitut direktoru: Azərbaycan bərk buğdanın əsas ixracatçılarından biri ola bilər

Azərbaycan bərk buğdanın əsas ixracatçılarından biri ola bilər

Bakı. Azərbaycan bərk buğdanın əsas ixracatçılarından biri ola bilər. Trend-in məlumatına görə, bunu Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai deyib. O qeyd edib ki, İnstitut bərk buğdanın keyfiyyətini öyrənmək və Azərbaycanda buğdanın bu növünün geniş əkilməsini sınaqdan keçirmək istəyir: "Ölkəmizin iqlimi bərk buğda üçün münasibdir. Dünya bazarında bərk buğdanın qiyməti çörəklik buğdanın qiymətindən 2 dəfə artıqdır. Sınaqlarımız uğurlu olarsa, bərk buğdanın istehsalını və emalını artıra bilsək, əsas ixracatçılarından biri də biz ola bilərik. “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi" layihəsi çərçivəsində bizə bərk buğdanın üyüdülməsi üçün dəyirman alınaraq verilib". Məhsuldarlığı ilə fərqlənən keyfiyyətli yerli sortlardan danışan C.Təlai bildirib: "Bir neçə gün əvvəl iri taxılçılıq şirkətlərindən biri bizim “Qobustan” sortunu və xarici sortları keyfiyyət göstəricilərinə görə sınaqdan keçirib. “Qobustan” sortunun zülalı və yapışqanlığı analiz nəticələrində yüksək çıxdığından doğruluğuna şübhə yaranıb. Öz nəticələrinin doğruluğuna əmin olmaq üçün nümunələri Avstriyaya da göndəriblər. Nəticələr Avstriyada da təsdiqlənib. Doğrudan da Azərbaycanın iqlim şəraiti buğdada zülalın yüksək miqdarının toplanmasına imkan verir. Çünki bizdə günəşli günlərin sayı çoxdur". Onun sözlərinə görə, bununla belə, buğdada yapışqanlığın deformasiya indeksi deyilən bir göstərici də var: "Bu göstərici ilə 1-ci keyfiyyət qrupuna düşmək bizdə çətindir. Nəticə günəşli günlərin sayından, intensivliyindən, vaxtından asılıdır. Məsələn, Rusiyada, eləcə də Qərbi Avropa ölkələrində yay aylarında temperatur tədricən qalxmağa başlayır. Bizdə isə may ayında birdən-birə istilər düşür və nəticədə məcburi yetişmə baş verir. Bu isə zülalın strukturunda pozuntulara gətirib çıxarır. Ona görə də Rusiyadan gətirilən buğda toxumları yalnız həmin ilin keyfiyyət göstəricilərinə görə dövlət standartlarına cavab verir. Həmin sort növbəti ilin məhsulu üçün əkildikdə görürük ki, göstəricilər dəyişir. Ancaq bu o demək deyil ki, 1-ci keyfiyyət qrupuna düşməyən buğdadan çörək bişirmək olmaz. Bizim 2-ci keyfiyyət qrupuna düşən buğdalardan da çox yüksək keyfiyyətli çörək alınır. Ətrinə də, dadına da söz ola bilməz".