"Radikalizmi meydana gətirən əsas səbəblərdən biri İslam dini haqqında məlumatsızlıqdır"


Digərləri 30 Avq 2018 10:50:00 274 0

"Radikalizmi meydana gətirən əsas səbəblərdən biri İslam dini haqqında məlumatsızlıqdır"

Radikalizmi meydana gətirən əsas səbəblərdən biri İslam dini haqqında məlumatsızlıqdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov komitənin və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Daxili Qoşunların Quba rayonundakı "N" saylı hərbi hissəsində keçirilən maarifləndirmə tədbirində deyib.

G.İsmayılov qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verərək bu cür mənfi tendensiyaların yaranma səbəbləri və təbliğatının qarşısını almaq yollarından geniş bəhs edib. Bildirib ki, radikalizmi meydana gətirən əsas səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və ümumilikdə dini biliklərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizə işində başlıca istiqamət dini maarifçilik, milli-mənəvi dəyərlərin qorunması və təbliği işinin mütəmadi aparılmasıdır. Bu cür maarifçilik tədbirləri cəmiyyətin bütün təbəqələrində, o cümlədən hərbi hissələrdə təşkil olunur.

Sədr müavini İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyər barədə də iştirakçılara ətraflı məlumat verib. Qeyd edib ki, Dövlət Komitəsinin təşkilatçılığı ilə dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması, Vətənə, dövlətə bağlılıq ruhunda tərbiyə olunması istiqamətində Bakı şəhərində və respublikanın regionlarında müxtəlif tədbirlər həyata keçirilib: "Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və Azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir və Azərbaycan Ordusu işğal olunmuş torpalarımızı azad etməyə mənəvi-psixoloji baxımdan tam hazırdır".