Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın "5 ulduz"lu hava limanları reytinqində 8-cidir


İqtisadiyyat 30 Avq 2018 04:55:47 433 0

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın "5 ulduz"lu hava limanları reytinqində 8-cidir

Hava limanında 2017-ci ildə sərnişin axını 4,1 milyon nəfər təşkil edib

Böyük Britaniyanın müxtəlif aviaşirkətlər və aeroportlar tərəfindən göstərilən xidmətin keyfiyyətini öyrənmək üzrə ixtisaslaşan nüfuzlu özəl konsaltinq şirkəti "Skytrax" "5 ulduz"lu hava limanlarının reytinqini açıqlayıb.

“Report” xəbər verir ki, reytinqə Yaponiya, Honkonq, Sinqapur, Cənubi Koreya, Almaniya, Qətər, Çin və Azərbaycan aeroportları daxil olub.

Reytinqə görə, Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu 8-ci pillədə qərarlaşıb. Baza aviaşirkəti kimi "Azerbaijan Airlines" (AZAL) göstərilib. Hava limanının sərnişin axını 2017-ci ildə 4,1 milyon nəfər təşkil edib.

Siyahıda birinci yerdə Tokionun Haneda aeroportu qərarlaşıb. Hava limanının baza aviaşirkəti "Japan Airlines" və "All Nippon Airways"dir. Aeroportda sərnişin axını 85,409 mln. nəfər təşkil edib.

Növbəti yerləri, Honkonq aeroportu (Honkonq. Baza aviaşirkəti: "Cathay Pacific", sərnişin axını 72,7 mln), Çanqi aeroportu (Sinqapur. Baza aviaşirkəti: "Singapore Airlines", 6,2 mln. sərnişin), İnçhon aeroportu (Seul, Cənubi Koreya. Baza aviaşirkəti: "Korean Air", "Asiana Airlines", 62,2 mln. sərnişin), Frans-İozef Ştraus aeroportu (Münhen, Almaniya. Baza aviaşirkəti: "Lufthansa", 44,6 mln. sərnişin), Hamad aeroportu (Doha, Qətər. Baza aviaşirkəti: "Qatar Airways", 35,3 mln. sərnişin), Meilan aeroportu (Haikou, Çin. Baza aviaşirkəti: "Hainan Airlines", 22,6 mln. sərnişin), Tübu (Tokoname, Yaponiya. Baza aviaşirkəti: "Japan Airlines", 11,5 mln. sərnişin).