Üzüm yeyin, çünki...


Digərləri 29 Avq 2018 23:40:00 302 0

Üzüm yeyin, çünki...

Yay fəslində süfrəmizin bəzəyi olan, isti günlərdə həyət evlərimizin bir yanında meynələrinin altında kölgələndiyimiz üzüm xoş dadı və bal kimi şirinliyi ilə bu mövsümün əvəzolunmaz giləmeyvəsi olmaqla yanaşı, həm də müalicə vasitəsi kimi insan sağlamlığının qorunmasında təkrarsız vasitədir.

Amma çoxlarımız bilmir ki, həyət-bacamızda çardağımıza sarmaşan, yaşıl yarpaqlar arasından salxım-salxım sallanan qara və sarı-qızılı gilələrini iştahla yediyimiz bu giləmeyvə ilə hansı xəstəliklərin qarşısını almaq, yaxud müalicə etmək mümkündür.

Son.az bildirir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-a üzümün faydaları, bu giləmeyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, ölkəmizdə qədim tarixə malik olan üzüm özünün faydalılığına görə qiymətli pəhriz və müalicəvi xüsusiyyətlərə malik giləmeyvədir. Yeməkdən 1,5-2 saat sonra yeyilməsi məsləhət görülür.

Üzümdən və onun məhsullarından (şirə, bəhməz) qanazlığı, ürək-damar, mədə-bağırsaq, qara ciyər, böyrək, öd kisəsi xəstəlikləri, tənəffüs yollarının iltihabı zamanı müalicə vasitəsi kimi istifadə olunur. Tünd rəngli üzüm sortları bəlğəmgətirici olduğundan plevrit, bronxit, vərəm xəstəliklərinin müalicəsi zamanı istifadə edilə bilər.