Siyasi parçalanma:


Digərləri 29 Avq 2018 18:54:00 240 0

Siyasi parçalanma:

Son.az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

Adətən, erməni mütəxəssislər öz siyasi hakimiyyəti və xalqı haqqında yüksək pafosla danışırlar. Onlar əsrlərdir beyinlərinə yeridilən yalanların həqiqət olduğuna inanıblar və indi həmin durumdan xilas olmağın çətinliyini öz üzərlərində hiss edirlər. Hazırda Ermənistanın siyasi səhnəsində ciddi böhranın yaşanmaqda olduğunu erməni ekspertlər açıq etiraf edirlər. Onlar başlıca olaraq prezidentlə baş nazir arasında siyasi fikir ayrılığının dərinliyini vurğulayırlar. Məsələ daha geniş kontekstdə məzmuna malikdir. Ölkənin bütün siyasi spektri qarşıdurmaya meyllidir. Bu prosesə Ermənistana ənənəvi olaraq diqtə edən xarici böyük güclər də öz təsirlərini edirlər. Nəticədə, kifayət qədər mürəkkəb və risklərlə dolu situasiya yaranıb. Bu vəziyyətin konkret siyasi faktorlara təsiri üzərində geniş dayanmağa ehtiyac var.

Demokratiya və şəxsi iddialar: siyasi labirintin astanasında

Ekspertlər Ermənistanın daxili sosial-siyasi vəziyyətinin dərin böhrana doğru getdiyi haqqında proqnozlar verirdilər. Artıq erməni ekspertlər belə bu faktdan danışırlar. İndi onlar konkret problem üzrə bu kvazidövlətdə parçalanmanın müşahidə edildiyini etiraf edirlər. Özü də məsələ kifayət qədər ciddi məqamlardan qaynaqlanır. Hətta bir sıra mütəxəssislər məsələni, ümumiyyətlə, Ermənistan adlı dövlətin qalıb-qalmayacağı kontekstində qoyurlar.

Məsələ yeni hakimiyyətin seçki ilə bağlı ölkəni böhranlı vəziyyətə sürükləməsi ilə əlaqədardır. Belə ki, Nikol Paşinyan seçki faktorundan hakimiyyətini möhkəmlətmək üçün istifadə etməyə çalışır. Onun konkret ifadəsi prezidentlə baş nazirin bu məsələdə fikir ayrılığında olmasındadır. İrəvanın Ağsaqqallar Şurasına seçki faktiki olaraq siyasi səhnədə parçalanma əmələ gətirib. Bu seçkidə Respublika Partiyası iştirak etməyəcək. Bu, gizli ixtilafın qaynağı ola bilər. Lakin çətinlik bununla məhdudlaşmır.

Hakimiyyət etiraf edir ki, növbədənkənar seçki keçirmək üçün problemlər yaranıb. Çünki növbədənkənar seçkinin keçirilməsi üçün konstitusiya islahatları lazımdır. Baş nazir istefa vermədən parlament buraxılmalıdır. Bundan başqa, N.Paşinyan bəyan edib ki, keçid xarakterli məhkəmə-hüquq sistemi yaradılmalıdır. Bu iki islahatı ekspertlər kifayət qədər ciddi hesab edirlər. Çünki mövcud sistemin geniş miqyasda dəyişdirilməsini tələb edir. Buna Ermənistan siyasi dairələrinin hazır olmadığı da vurğulanır.

Başqa yol, çox nüfuzlu bir insanın qarşı-qarşıya duran tərəflər arasında vasitəçilik missiyasını həyata keçirməsindən ibarətdir. Bunun üçün indiki prezident Armen Sarkisyana işarə edirlər. Əsas ziddiyyət də elə məhz burada özünü göstərir. Əvvəla, A.Sarkisyan öz mövqeyini hələ ifadə etməyib. O, "məxməri inqilab"a yardım edib, lakin, eyni zamanda, prezidentin səlahiyyətlərinin artırılması şərtindən də bəhs edir. İkincisi, N.Paşinyan bunun qarşılığında bəyan edib ki, səlahiyyətlərini prezidentə deyil, yalnız parlamentə güzəştə gedə bilər. Bu da Ermənistanda faktiki olaraq baş nazir-prezident rəqabətinin getdikcə daha konkret cizgilər aldığını göstərir. Burada üç variant ola bilər.

Birincisi, A.Sarkisyan doğrudan da inqilabla konstitusiya arasında vasitəçi rolunu oynayır. İkincisi, A.Sarkisyan birmənalı olaraq konstitusiyanı müdafiə edir. Üçüncüsü, prezident sadəcə N.Paşinyanla mövcud konstitusiyanı müdafiə edənlər arasındakı mübarizənin nəticəsini gözləyir və ona uyğun hərəkət edir. Bunlardan hansının reallaşması ehtimalı çoxdur?

Bu barədə erməni ekspertlər fikir bildirməsələr də, bütövlükdə vəziyyətin gərginləşəcəyini açıq və ya üstüörtülü etiraf edirlər. Ölkədəki real siyasi vəziyyətə baxdıqda, həqiqətən, bu məsələdə durumun daha ağır olduğunu görə bilərik.

Başqa sözlə, getdikcə aydın olur ki, N.Paşinyanın hakimiyyət hərisliyi yüksək səviyyədədir. O, istənilən islahata özünün siyasi mövqeyini gücləndirmək şərti ilə getməyə hazırdır. Bundan kənarda N.Paşinyanı heç nə maraqlandırmır. İkrahdoğurucudur ki, baş nazir öz hərəkətlərini demokratiya, milli maraqlar, korrupsiya ilə mübarizə və Qərbə yaxınlaşma kimi qiymətləndirir.

Məqsədinə çatmaq üçün isə əsas olaraq küçədən təzyiqlərə üstünlük verir. İndiyə qədər onun heç bir ciddi işdə qanuna dayandığı görünməyib. Bütün həlledici məqamlarda üzünü meydana tutur. 17 avqustda Respublika meydanında keçirdiyi siyasi şou da bunu bir daha təsdiq etdi.