Azərbaycan Gənclər Fondu gənclər siyasəti sahəsində qanunvericilik aktlarının hazırlanmasında və həyata keçirilməsində iştirak edəcək


Siyasət 29 Avq 2018 18:47:00 259 0

Azərbaycan Gənclər Fondu gənclər siyasəti sahəsində qanunvericilik aktlarının hazırlanmasında və həyata keçirilməsində iştirak edəcək

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Son.az Trend-ə istinadən bildirir ki, dəyişikliklərə əsasən, Nizamnaməyə aşağıdakı məzmunda 3.1.1-1-ci, 3.1.1-2-ci və 3.1.3-1-ci yarımbəndlər əlavə edilir:

"3.1.1-1. gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir; 3.1.1-2. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən olunmuş hallarda normativ xarakterli akt qəbul edir;"; "3.1.3-1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı"nda göstərilmiş qurumların gənclər siyasəti sahəsində Azərbaycan Respublikasının hüquqi şəxsləri olan qeyri-hökumət təşkilatlarına verdiyi qrantlar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzuları Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə qiymətləndirir və bu qrantlara dair rəy verir;";

Həmçinin 3.1.6-cı və 3.1.9-cu yarımbəndlər aşağıdakı redaksiyada verilir:

"3.1.6. Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələrin Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Fondun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydası"na uyğun olaraq ekspertizadan keçirilməsini və monitorinqini təşkil edir;"; "3.1.9. sosial müdafiəyə xüsusi ehtiyacı olub təhsil alan gənclərə təhsil müddətində təhsil xərclərinin (təhsil haqqı, yaşayış xərcləri (yataqxana və ya ev kirayəsi), gündəlik yemək xərcləri, zəruri tədris vəsaitləri və ləvazimatı ilə təminat xərcləri və nəqliyyat xərcləri (yaşadığı ünvandan tədris müəssisəsinin yerləşdiyi ünvana gediş-gəliş xərci, habelə təhsil müəssisəsi onun daimi yaşadığı şəhərdən (rayondan) kənarda yerləşdikdə, ildə 2 (iki) dəfə həmin şəhərə (rayona) gediş-gəliş xərci) ödənilməsi üçün Fondun vəsaiti hesabına, bu Nizamnaməyə uyğun olaraq maliyyə dəstəyi göstərir;";

Aşağıdakı məzmunda 3.2.1-1-ci, 3.2.7-1-3.2.7-3-cü yarımbəndlər əlavə edilir:

"3.2.1-1. gənclər siyasəti sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif verir;"; "3.2.7-1. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər verir, təhlillər və ümumiləşdirmələr aparır, analitik materiallar hazırlayır; 3.2.7-2. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirir və digər tədbirlər təşkil edir; 3.2.7-3. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim edir, onların həvəsləndirilməsi üçün tədbirlər görür;";

Bundan başqa, aşağıdakı məzmunda 4.7.1-1-ci, 4.7.1-2-ci və 4.7.4-1-ci-4.7.4-3-cü yarımbəndlər əlavə edilir:

"4.7.1-1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir və sənədlər (o cümlədən Qurumun maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir; 4.7.1-2. Fondun fəaliyyətinə nəzarət edir;"; "4.7.4-1. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür; 4.7.4-2. qrant müsabiqələrini elan edir və müsabiqənin nəticələrinə görə qalib elan edilmiş gənclərin və gənclər təşkilatlarının proqram və layihələrini müəyyən edir, habelə müsabiqənin nəticələri barədə məlumatları dərc edir; 4.7.4-3. bu Nizamnaməyə uyğun olaraq, layihələrin qrant müsabiqəsindən kənar maliyyələşdirilməsi üçün Fondun ayıracağı vəsaitin həcmini müəyyən edir;";

Aşağıdakı məzmunda 4.9-1-ci-4.9-4-cü yarımbəndlər də əlavə edilir:

"4.9-1. Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir. 4.9-2. Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər. 4.9-3. iclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. 4.9-4. gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə bilməz.";

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etmək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.