İçərişəhərdə reklam yerləşdirilməsi qaydası müəyyənləşib


Siyasət 29 Avq 2018 18:32:00 235 0

İçərişəhərdə reklam yerləşdirilməsi qaydası müəyyənləşib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 867-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 75; 2008, № 1, maddə 8; 2015, № 11, maddə 1321; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 174 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə"nin 16-cı hissəsi aşağıdakı redaksiyada verilsin:

"16. İdarə Qoruğun ərazisində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, ölçülərindən asılı olmayaraq, reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlarda konstruktiv dəyişikliklər edilməsinə, onların istismarına və "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq reklamın yerləşdirilməsinə icazə verir.".