Ramil Usubov 309 nəfər barədə tapşırıq verdi


Digərləri 29 Avq 2018 17:40:00 245 0

Ramil Usubov 309 nəfər barədə tapşırıq verdi

Avqustun 29-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında DİN-in baş idarə, idarə və ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

DİN-nin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, aidiyyatı baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 379 iddiaçının arasından daha hazırlıqlı olan 309 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul olunması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında keçirildiyini vurğulayıb. Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl təhsilə, yüksək mənəvi və işgüzar keyfiyyətlərə, hərtərəfli dünyagörüşə malik gənclərin hər zaman dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tövsiyə və tapşırıqlarını xatırladıb, bu istiqamətdə hər zaman konkret addımların atıldığını, hazırkı seçimlərin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü siyasətin növbəti bariz nümunəsi olduğunu bildirib.