Maliyyə Nazirliyi: Ortamüddətli xərclər çərçivəsi 2020 və 2021ci illərdə büdcənin tərtibi prosesində tətbiq olunacaq


Digərləri 29 Avq 2018 16:14:00 326 0

Maliyyə Nazirliyi: Ortamüddətli xərclər çərçivəsi 2020 və 2021ci illərdə büdcənin tərtibi prosesində tətbiq olunacaq

Ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiq edilməsi 2020 və 2021-ci illərdə büdcənin tərtibi prosesi zamanı nəzərdə tutulur.

Son.az xəbər verir ki, Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 24 avqust 2018-ci il tarixində Prezident İlham Əliyev "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası"nın təsdiq edilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən, müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısamüddətli və ortamüddətli dövrlər üçün hədəflərini özündə aydın ehtiva edən Ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) hazırlanması və bu zəmində nəticəəsaslı büdcə tərtibi mexanizminə keçid üçün ilkin zəruri tədbirlərin görülməsi məqsədi ilə "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası" təsdiq edilib.

Qaydaya əsasən OMXÇ-nin əsas məqsədi makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım üçün tələb olunan məcmu fiskal intizamın gücləndirilməsi, dayanıqlı fiskal çərçivəyə əsaslanan çoxillik resurs zərfi daxilində xərc istiqamətlərinin sektorlar arasında prioritetləşdirilməsi və fəaliyyətin göstəricilər əsasında ölçülməsini nəzərdə tutan nəticəəsaslı büdcə tərtibi mexanizminin təşkili üçün zəruri şəraitin yaradılmasıdır.

OMXÇ-nin hazırlanması büdcənin tərtibi prosesinin birinci - strateji mərhələsini təşkil edir. Bu məqsədlə cari büdcə ilinin ilk yarısında ortamüddətli dövr üçün məcmu resurs zərfi və milli xərc prioritetləri hökumət tərəfindən müəyyən edilir və bu əsasda büdcə təşkilatları öz strateji planlarını, davam etməkdə olan layihələr və yeni siyasət təşəbbüsləri (YST) üzrə cari və əsaslı xərclərinə dair sifarişlərini hazırlayaraq təqdim edirlər.

Ortamüddətli resurs zərfi cari il üçün dəqiqləşdirilmiş, ortamüddətli dövr üçün isə ilkin iqtisadi və sosial inkişaf proqnozlarını, həmçinin büdcə təşkilatlarının strateji planlarını nəzərə almaqla tərtib edilir.