Abramoviçin məcburi gedişi - Chelsea-də davam edən narahatlıq


İdman 29 Avq 2018 14:12:00 272 0

Abramoviçin məcburi gedişi - Chelsea-də davam edən narahatlıq

Chelsea-da narahatlıq yaşanır. The Sunday Times nəşrinin “Chelsea satılır” başlıqlı məqaləsi narahatlıgı bir az da artırıb. Məqalədə deyilir ki, London klubunun Rusiyalı sahibi Roman Abramoviç klubun satışına vasitəçilık üçün Raine Group bankına müraciət edib. Bu bank 2015-ci ildə Manchester Citi-nin 13 faizlik səhmlərinin Çinin Media Capital şirkətinə satılmasında vasitəçi olmuşdu. Düzdür, Chelsea-nin nümayəndəsi yayılan informasiyanı təkzib edib. Amma narahatlıq bununla bitməyib. Bir müddət sonra TASS informasiya agentliyi London klubunun satışa çıxarıldığını bildirib. Abramoviçin yaxın ətrafı yenə də informasiyanı şayiə adlandırıb. Son 4 ayda baş verən hadisələr gizlində nələrinsə olduğunu deməyə əsas verir. Abramoviç indi daha əsəbi, daha narahat görünür.

Rusiyalı biznesmenin Britaniya vizası ləgv edilib

Bu ilin may ayında Roman Abramoviçin İsrail vətəndaşlığı alması ölkənin Daxili İşlər Nazirliyi tərəfindən təsdiqləndi. Chelsea-nin sahibi 10 milyard dollarlıq sərvəti ilə İsrailin ən varlı adamı oldu. O, İsrailə qayıdan hər bir yəhudiyə verilən 4 min dollardan imtina etdi. "İsrael Hayom" qəzetinin yazdıgına görə, Abramoviç 2015-ci ildə Təl-Əvivin Neve–Çedek rayonunda təmtəraqlı ev inşa etdirib. Evin yerləşdiyi ərazini 25 milyon dollara əldə edən biznesmen layihə işlərinə hər ay 30 min xərc çəkib.

Abramoviç İsraildə rahat bir həyat sürür. Ona məxsus olan Millhouse və Ervington şirkətləri burada yerli şirkətləri maliyyələşdirir. Təbii ki, qazamaq şərtilə. Bu ilin yanvar ayında o, Təl-Əviv universitetinə 30 milyon dollar hədiyyə edib. Həmin vəsaitlə yeni elmi mərkəz inşa olunacaq. Yeri gəlmişkən deyək ki, Roman Abramoviç son 20 ildə bütün dünyada fəaliyyət göstərən yəhudi cəmiyyətlərinə 500 milyon dollar yardım edib.

Məcburi gediş

İsraildə rahat yaşamasına baxmayaraq, Abramoviç bu ölkəyə köçməyə məcbur olub. Aprel ayında Britaniya vizasının vaxtı qurtaran biznesmenə yeni viza verilməyib. "Financial Times" nəşrinin məlumatına görə, Britaniya hökuməti viza məsələsində Abramoviçə imtina etməyib. Amma onun ərizəsi, heç bir izahat verilmədən, kənara qoyulub. Bütün bunlara dözməyən biznesmen iyun ayında Britaniya hökumətinə viza ilə bağlı göndərdiyi ərizədən imtina etməli olub. Hazırda ona verilən xarici pasport Abramoviçin 147 ölkəyə vizasız getməsinə imkan verir. O cümlədən Böyük Britaniyaya. Lakin Abramoviç xüsusi icazə olmadan Britaniyada iş görə bilməz. Onun yalnız səyahət hüququ var. Britaniyada iş görmək və ya yaşamaq istəyən İsrail vətəndaşları mütləq viza almalıdır. İngiltərə Daxili İşlər Nazirliyinin rəsmi saytında qeyd olunur ki, bəzi İsrail vətəndaşlarından – Britaniya ali məktəblərində məruzə demək üçün gələnlər, vəkillər, məhkəmə işçiləri- viza tələb olunmur. Belə şəxslər bir ay Britaniyada qala bilərlər.

İngilislərin yeni qəbul etdiyi qaydalar Abramoviçin Stemford Bridc stadionuna yolunu bağlayıb. Chelsea–nin sahibi doğma klubunun İngiltərə kubokunda final qələbəsini, həmçinin yeni mövsümdə Arcenal- la ilk matçını izləyə bilməyib

Britaniya “Skripal işi”nə görə Abramoviçə qəzəblənib?

Serqey Skripal və onun qızının Londonda zəhərlənərək öldürülməsi Britaniya hökumətini yerindən oynatdı. Araşdırmalar, tədqiqatlar aylarla davam etdi. Məlum oldu ki, 2008-2015-ci illər ərzində Rusiyanın 700-dən çox zəngin vətəndaşı Britaniya vizası alıb. May ayında - Abramoviç İsrail vətəndaşlığı alandan bir neçə gün sonra “Qızıl Moskva: Rusiya korrupsiyası Böyük Britaniyada” adlı hesabat hazırlandı. Hesabatda qeyd olunurdu ki, rusiyalılar öz çirkin işlərini həyata keçirmək üçün Londonu mərkəz seçiblər və buna nail olublar. Hesabatda Britaniyanın rusların çirkli pullarının Londonda yuyulmasına mane ola bilmədiyi etiraf olunurdu. Hesablamalara görə, Britaniyada daşınmaz əmlak bazarına 4,4 milyard funt “çirkli pul “ yatırılıb ki, bunun 1 milyardı rusiyalı varlı adamlara məxsusdur. Qeyd olunurdu ki, reallıqda bu rəqəm daha böyükdür. Britaniyalı deputatlar Rusiyanın siyasətinə qarşı daha ciddi mübarizəni vacib hesab edən tələblər irəli sürməyə başladılar. Əmlak bazarında fəaliyyət göstərən xarici firmaların dəqiq siyahısının üzə çıxarılması qərara alındı.

Abramoviçin işləri bir az da çətinləşdi. Britaniyada onu Rusiya prezidenti Putinin yaxın dostu kimi tanıyırlar. Britaniya mətbuatı rusiyalı varlılar, xüsusən Abramoviç barədə ağlasığmaz materiallar dərc edirdi. "The Sun" Roman Abramoviçi Putinin ən yaxın adamı kimi dəyərləndirmişdi. "The Guardian" isə daha irəli gedərək yazırdı ki, Yelçinin yerinə Putinin namizədliyini məhz Abramoviç irəli sürüb. “Hazırda Roman Abramoviç Kremlin əsas fiqurlarından biridir. Boris Berezovski təsdiq edir ki, Chelsea-nın sahibi Rusiya prezidentinə 50 milyon dəyərində yaxta bağışlayıb”, - "The Guardian" yazırdı. Belə məlumatlar İngiltərədə böyük əks–səda yaradırdı.

Siyasi təzyiqlər stadionun tikintisinə də mane oldu

Abramoviç "Stemford Bridc" arenasını sökərək Chelsea üçün yeni stadion inşa etməyi planlaşdırmışdı. Yeni stadion 60 min tamaşaçı tutumlu olmalı idi. London şəhər rəhbərliyi bu layihəni təsdiqlədi. “ London dünyanın ən boyük idman şəhərlərindən biridir. Burada yeni möhtəşəm bir arenanın inşa edilməsi bizi sevindiriərdi”,- deyə şəhərin meri Sadik Xan bildirmişdi. Yeni stadionun dizayn işləri İsveçrənin Herzog De Meuron şirkətinə həvalə olundu. Bu şirkət Münhendə "Alyans Arena", Bordo şəhərində "Matmyut Atlantik" arenalarının, Pekin olimpiya stadionunun dizayn işlərini yüksək səviyyədə həyata keçirmişdi.

London klubunun yeni stadionunun 2022-ci ildə təhvil verilməsi nəzərdə tutulmuşdu. Layihə 500 milyon avro dəyərində idi. Chelsea bir müddət ev oyunlarnı Uembli stadionunda keçirəcəkdi. Lakin nəzərdə tutulanların heç biri olmadı. Abramoviçin problemləri yeni stadionun tikintisini yarımçıq saxladı. Chelsea-nin stadionla bağlı açıqlamasında “maliyyə problemlərinin olduğu “ deyilirdi. Şübhəsiz ki, əsas səbəb bu deyildi. Abramoviçin təzyiqlərlə qarşılaşması təkcə komandanı deyil, biznesmenin özünü də maliyyə çətinliyinə saldı. İkinci vətəndaşlıq (İsrail) onun Rusiyada biznesinə təsirsiz ötüşmədi. Abramoviçin Rusiyanın birinci kanalında olan 40 faizlik payı 20 faizə endirildi. Rusiya qanunlarına görə, ikili vətəndaşlığı olan xarici vətəndaş burada KİV təsisçisi kimi yalnız 20 faiz pay sahibi ola bilər. Bununla belə,Abramoviçin çətinlikləri Rusiyanın futbol məmurlarının diqqətindən yayınmamışdı. Futbol İttifaqının 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat iclasında Abramoviçin şura üzvü seçilməsi təklif edilmişdi. Təkifi dəstəkləyənlər biznesmenin Rusiya futbolunun inkişafına fayda verəcəyini deyirdilər.

Zənginlərin diqqətini çəkən London klubu

Chelsea hələ bu ilin iyun ayıda satışa çıxarıla bilərdi. Klub Brtaniyanın ən varlı insanlarından sayılan Cim Retkliffin diqqətini çəkmişdi. 21,5 milyard funt sərvəti olan biznesmen dünyada neftkimya sahəsində məşhur olan "İneos" şirkətinin təsisçisidir. Bu şirkət İsveçin Lozanna–Sport komandasının da sahibidir. Retkliff Chelsea üçün 2 milyard funt təklif etmişdi. "The Times" yazırdı ki, maliyyə böhranı ilə üzləşən Abramoviç klubu 1,2 milyarda belə, satmağa razılıq verə bilər. Amma Rusiyalı biznesmen Chelsea-ni İneos şirkətinə satmaqdan imtina etdi. "Daily Mail" nəşrinin yaydığı xəbərdə Abramoviçin çinli iş adamı ilə anlaşdığı deyilirdi. Bir müddət sonra bu xəbər təkzib olundu. Yeri gəlmişkən deyək ki, Roman Abrampviç Chelsea-ni 2003-cü ildə 140 milyon funta Kenu Beyts adlı biznesmendən alıb. 2017–ci ilin hesablamalarına görə, son 14 il ərzində kluba 4 milyard funt xərcləyib. Təkcə futbolçuların, məşqçilərin və klubun digər işçilərinin məvacibi 2,4 milyard təşkil edib.

 “ Hazırda bütün diqqətini Chelsea-yə yönəldib”

Londona gedə bilməyən Abramoviç komandada baş verənləri yaxından izləyir. Köməkçiləri ona futbolçuların hazırkı vəziyyəti barədə müntəzəm məlumat verirlər. Biznesmen mühüm oyunlara komandanın hansı heyətlə çıxacağı ilə bağlı məşqçilərlə məsləhətləşir. Chelsea-dan uzaqda olsa da, klubunu nəzarətdə saxlayır. Chelsea-nin baş məşqçisi Maurusio Sarri Abramoviçin hər zaman komanda ilə maraqlandığını təsdiqləyir: “Mənim öz metodlarım var. Hücum futboluna üstünlük verirəm. Elə bilirəm ki, komanda mənim üslubumu qəbul etməyə hazırdır. Anlaşılmazlıq olsa kompromisə getmək olar. Abramoviç mənimlə eyni fikirdədir. Tez- tez məsləhətləşirik. Klubu diqqətdə saxlayır. Demək olar ki, hazırda bütün diqqətini  Chelsea-yə yönəldib”.

Chelsea-ni satmaq barədə qərar vermək Abramoviç üçün asan olmayacaq. Biznesmenin klubun yanında olmaq imkanı yoxdur. Ona Londonda yaşamaq və iş görmək imkanı verilmir. Britaniya hökumətinin təzyiqləri davam edərsə, Abramoviç Chelsea barədə daha dərindən düşünməli olacaq.