Nazirlik: “Məşğulluq haqqında” yeni qanun dövlət məşğulluq siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə xidmət edir


Digərləri 29 Avq 2018 13:37:48 224 0

Nazirlik: “Məşğulluq haqqında” yeni qanun dövlət məşğulluq siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə xidmət edir

Qanunla işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi də təkmil hüquqi əsasda formalaşır

Bakı. “Məşğulluq haqqında” yeni qanun dövlət məşğulluq siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə xidmət edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkənin dinamik tərəqqisi şəraitində yeni iş yerlərinin açılmasının daimi xarakter almasına, əhalinin səmərəli məşğulluğunun təminatı istiqamətində dövlət siyasətinin güclənməsinə şərait yaradıb: "Yeni “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu da əhalinin məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində aparılan dövlət siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə, bu sahədə innovativ yanaşmaların tətbiqi ilə səmərəli iş mexanizmlərinin formalaşdırılmasına, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə xidmət edir. Azərbaycan Respublikası Prezidenti “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Fərman imzalayıb. İlk dəfə 2 iyun 2001-ci il tarixində “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. Ötən dövrdə həyata keçirilən sosial-iqtisadi inkişaf prosesləri, aparılan köklü islahatlar, aktiv məşğulluq tədbirlərinin miqyasının genişlənməsi, özünüməşğulluq proqramının icrası, məşğulluq xidmətlərində, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində yeni yanaşma və mütərəqqi iş mexanizmlərin tətbiqi, işsizlikdən sığorta sisteminin qurulması və s. məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə və bu sahədə yeni qanunun qəbul olunmasına əsas yaradıb". Nazirlik qeyd edir ki, “Məşğulluq haqqında” yeni qanun 6 fəsildən və 37 maddədən ibarətdir. Qanunun “Əsas anlayışlar” maddəsində əvvəlki qanundan fərqli olaraq anlayışların sayı yeni anlayışların (fərdi məşğulluq proqramı, qeyri-formal məşğulluq, məşğul şəxslərin reyestri, peşə standartları, sosial müəssisə, sosial iş yeri və s.) daxil edilməsi ilə artırılaraq 24-ə çatdırılıb: "Əvvəlki qanunda muzdla işləyən şəxslər sırasına haqqı ödənilən başqa işi (xidməti) olanlar, yəni mülki hüquqi xarakterli müqavilə ilə işləyənlər də daxil edilmişdisə, yeni qanunda bu aradan qaldırılıb. Muzdla işləyənlərə yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər aid edilib. Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər isə məşğul şəxslər sırasında yer alıb. Eləcə də, yenilik olaraq, ailə kəndli təsərrüfatının üzvləri də məşğul şəxslər hesab olunub.