"Buta Airways" İzmirə birbaşa reyslər açır


Digərləri 29 Avq 2018 13:10:02 237 0

"Buta Airways" İzmirə birbaşa reyslər açır

"Buta Airways" marşrut şəbəkəsinə daha bir məşhur türk kurortu əlavə edib

Bakı. 2018-ci il oktyabrın 6-dan etibarən milli loukoster "Buta Airways" Türkiyənin daha bir məşhur istiqamətinə - İzmirə birbaşa reyslər açacaq. "Buta Airways"dən Trend-ə verilən məlumata görə, aviaşirkətin digər istiqamətləri kimi Bakı-İzmir (Adnan Menderes Aeroportu, IATA kodu: ADB) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə - şənbə günləri yerinə yetiriləcək. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür. Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə edə bilərsiniz. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və bütün tariflərdə pulsuzdur.