Narkoloji Mərkəzdəki yanğına görə tutulanlar verdikləri ifadədən imtina ediblər "Heç kim çörək yediyi yeri yandırmaz"


Digərləri 29 Avq 2018 11:49:00 272 0

Narkoloji Mərkəzdəki yanğına görə tutulanlar verdikləri ifadədən imtina ediblər  "Heç kim çörək yediyi yeri yandırmaz"

"Yanğın vaxtı hamı kimi mən də canımı götürüb qaçmışam"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.

Son.az report-a istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan olunub. Prokuror ittiham aktımı elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Sərbəst ifadə verən Məhəmməd Məmmədov yanğın törətmədiyini deyib: "1998-ci ildən həmin Mərkəzdə arabir müalicə alıram. Martın 1-də tibb bacısı Şəlalə xanım dedi ki, sənin müalicə vaxtın uzadılıb. Mən dedim nəyə analiz verirəm, onsuz da eyni şeyi yazırsız, başqa heç nə danışmamışam. Amma Şəlalə xanım istintaqda deyib ki, mən oranı yandıracağımı demişəm. Elə ifadə işlətməmişəm. Məni Mərkəzə zorla aparırdılar, evdə yatırdım, ailəm zəng edirdi, yatdığım yerdə gəlib məni aparırdılar. Evdə mənə iynə vururdular, gözümü açırdım ki, xəstəxanadayam. Özüm xəstəxanada santexnik işləyirdim, çarpayıları düzəldirdim. Yanğın vaxtı da hamı kimi mən də canımı götürüb qaçmışam. Həmin  yerdən çörək yeyirəm, heç kim çörək yediyi yeri yandırmaz".

Ifadəsini davam etdirən təqsirləndirilən şəxs qeyd edib ki, onun yanğına heç bir dəxli yoxdur: "Mənim heç kimim yoxdur, adamım yoxdur. Heç bir günahım da yoxdur, mən, sadəcə, yanğını söndürmək üçün kömək etmişəm. İstintaqda hədə-qorxu ilə kağızlara qol çəkdirdilər".

Suallara cavab verən Məhəmməd Məmmədov bildirib ki, hadisə vaxtı 14-cü palatada yatıb: "Yatmışdım. Oyanıb qapını açanda palataya tüstü doldu. Binadan çölə qaçıb, birtəhər özümü yaxınlıqda yaşayan bacımgilə çatdırdım. Ayağımda ayaqqabım da yox idi. Bacım pul verdi, gedib ayaqqabı aldım. Gəlib parkda oturmuşdum, birdən polislər saxladılar".

Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olub.

M.Məmmədov istintaqda ifadəsində bildirib ki, müalicə həkimi Afət Məmmədova oğlunun və həyat yoldaşının sözü ilə hərəkət edərək, M.Məmmədovu uzun müddət orada saxlayıb. Martın 1-də axşam tibb bacısından orada qalma vaxtının uzadıldığını öyrənəndə qəzəblənib, saxta sənədlərlə orada zorla saxlandığına görə Mərkəzi də, çıxıb oğlunun evini də yandıracağını deyib. Gecə özünü öldürməyin yollarını fikirləşib, səhərə yaxın alışqanla yorğanı yandırıb. Alov artanda ölməkdən qorxaraq yorğanı divara tərəf atıb, palatada yanında yatan Nurlanı oyatmağa çalışıb, dəhlizə çıxıb "ay camaat, buralar yanır, çıxın qaçın" deyə haray salıb. Növbətçi sanitar Amid Quliyev əsas qapını açanda həyətə çıxıb, hasarı aşıb bacısıgilə gedib. Törətdiyi əməldən də peşmandır.

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadən imtina edib.