ÇL: qrup mərhələsinə son 3 vəsiqənin sahibi müəyyənləşəcək


İdman 29 Avq 2018 09:38:00 239 0

ÇL: qrup mərhələsinə son 3 vəsiqənin sahibi müəyyənləşəcək

Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinə son 3 vəsiqənin sahibi müəyyənləşəcək.

Goal.az xəbər verir ki, həmin komandaların adları pley-off mərhələsinin cavab görüşlərinin yekununda məlum olacaq. Avstriyada "Salzburg" Serbiya "Crvena Zvezda"sını qəbul edəcək. İki komanda arasındakı ilk görüş qolsuz yekunlaşıb. Cavab oyununu türkiyəli referi Cüneyt Çakır idarə edəcək.

Hollandiyada PSV klubu "Qarabağ"ı əvvəlki mərhələdə üstələməyi bacarmış Belarus BATE-sini sınağa çəkəcək. Eyndhoven təmsilçisi Borisovdakı ilk görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb. Bu nəticə Mark van Bommelin baş məşqçi olduğu kollektivin şanslarını artırıb.

Yunanıstanda PAOK Portuqaliya "Benfica"sı ilə üz-üzə gələcək. Onlar əvvəlki mərhələdə müvafiq olaraq, Rusiya "Spartak"ı ilə Türkiyə "Fenerbahçe"sini iki oyunun yekununda məğlubiyyətə uğradıblar. İki komanda arasında Lissabonda keçirilmiş görüşdə isə tərəflər hərəyə bir dəfə fərqləniblər.

Çempionlar Liqası, pley-off mərhələsi

Cavab görüşləri

29 avqust

23:00. "Salzburg" (Avstriya) - "Crvena Zvezda" (Serbiya)

İlk oyun - 0:0

23:00. PSV (Eyndhoven, Hollandiya) - BATE (Borisov, Belarus)

İlk oyun - 3:2

23:00. PAOK (Yunanıstan) - "Benfica" (Portuqaliya)

İlk oyun - 1:1.