Almaniyanın əsrarəngiz məkanları


Digərləri 29 Avq 2018 00:45:00 258 0

Almaniyanın əsrarəngiz məkanları

Almaniya turizm baxımından olduqca rəngarəng ölkədir. Burada tipik alman məkanları ilə yanaşı, digər ölkələrdəki romantik və populyar yerlərə bənzəyən bir çox guşələr mövcuddur. Son.az AZƏRTAC-a istinadən "Kiçik Venesiyadan" başlayaraq onlardan bir neçəsinə ekskursiyalar təklif edir.

"Kiçik Venesiya" Reqnits çayı sahilində Bavariyanın Bamberq şəhərində balıqçı qəsəbəsidir. Bu qədim şəhərin çoxsaylı abidələri UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Brandenburq əyalətində daha bir alman "Venesiyası" - Şprevald (Şpree çayı sahilində meşə) yerləşir. Yerli sakinlər bu ərazidəki çoxlu kiçik çaylarda və su kanallarında qayıqla üzür və turistləri gəzdirirlər. Əlbəttə, yastıdibli qayıqlar geniş göyərtəli Venesiya qondolaları kimi olmasa da, gəzinti çox romantikdir.

Şimal dənizindəki Helqoland adası materik hissəsinin qırx kilometrliyində yerləşir və açıq dənizdə, yəni Almaniyanın ərazi sularından kənarda olan yeganə alman adasıdır. Buradakı evlər Norveç Bergeninin tipik fasadlarını xatırladır. Hazırda adanın 1500 nəfər əhalisi var, lakin hər gün buraya on minə yaxın turist gəlir. Helqoland adası Avropa İttifaqında xüsusi gömrük statusuna malik olduğundan, bu məkan rüsumsuz şopinq həvəskarlarını cəlb edir.

Maraqlı məkanlardan biri də Lüneburq çölüdür. Bu alman qoruğunu bəzən Fransanın cənubundakı Provans bölgəsi ilə müqayisə edirlər. Lakin burada lavanda deyil, süpürgə kolları bitir. Bu məkan Hamburq, Bremen və Hannover şəhərlərinin arasında yerləşir. Süpürgə kolunun çiçək açması avqust-sentyabr aylarına təsadüf edir. Bu qaynar turizm mövsümündə Lüneburq çölündə atlı polislər təbiəti qorumaq üçün növbə çəkirlər. Qeyd edək ki, əsrlərdən bəri bu yerlərdə xüsusi Lüneburq cinsindən olan qoyunlar yetişdirilir.