Yol polisindən sürücülərə xəbərdarlıq:


Digərləri 28 Avq 2018 19:37:00 202 0

Yol polisindən sürücülərə xəbərdarlıq:

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin və avtobusların sahiblərinə texniki baxışdan keçməklə bağlı xəbərdarlıq edir.

Son.az bildirir ki, idarənin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun Trend-ə verdiyi məlumata görə, avqustun 1-dən yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi müddəti başlayıb və noyabr ayının 1-nə qədər davam edəcək.

Bölmə rəisi bildirib ki, yük avtomobillərinin və avtobusların sahibləri nəqliyyat vasitələrini Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzinə təqdim etməlidirlər:

"Yük avtomobillərinin və avtobusların sahiblərinə bir daha müraciət edirik ki, vaxtında öz avtomobillərini texniki baxışdan keçirsinlər, müddət bitdikdən sonra həmin avtomobillər cərimə ediləcək. Bir daha xatırladırıq ki, avtomobillərini texniki baxışdan keçirməyən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir".