Birinci vitseprezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakının tarixi rəmzlərindən olan “Qu quşları” fəvvarəsi yenidən qurulub FOTO


Digərləri 28 Avq 2018 15:49:00 533 0

Birinci vitseprezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakının tarixi rəmzlərindən olan “Qu quşları” fəvvarəsi yenidən qurulub  FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 60-cı illərdə Bakı bulvarının "Azneft" dairəsi ərazisində sakinlərin və şəhərimizin qonaqlarının sevimli məkanı olan "Qu quşları" fəvvarəsi öz ilkin memarlığının prototipi əsasında yenidən bərpa olunaraq istifadəyə verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Mehriban Əliyevanın tapşırığına əsasən tarixi ənənələrin qorunması ideyasına söykənən layihə üzərində işlər qısa müddətdə həyata keçirilib.

Qeyd edək ki, Azərbaycanda insanların istirahəti və asudə vaxtını səmərəli keçirməsinə böyük diqqət ayrılır, müvafiq və səmərəli işlər aparılır. İldən-ilə paytaxtda və regionlarda istirahət guşələri çoxalır - yeni parklar, xiyabanlar, bağlar, uşaq meydançaları tikilir, əsaslı təmir olunur və yenidən qurulur. İctimai yerlərdə yeni yaşıllaşdırma zolaqları salınır, abadlaşma işləri aparılır.

Bakıda isə şəhər sakinləri və çoxsaylı qonaqların ən sevimli istirahət məkanlarından biri də əlbəttə ki, Dənizkənarı Milli Parkdır. Dənizkənarı Park həm sakinlərin, həm də çoxsaylı xarici turistlərin heyran olduğu böyük istirahət zonasıdır. Bakı bulvarının infrastrukturu ən yüksək tələblərə cavab versə də, burada quruculuq və abadlaşdırma işləri daim davam edir.

Yaşı 100-dən çox olan Bakı bulvarının "Mirvari" kafesi, "Kiçik Venesiya" kimi öz əlamətdar məkanları var. Nə vaxtsa bulvarda daha bir əfsanəvi məkan olub - "Qu quşları" fəvvarəsi.

Dahi şair Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin "7 gözəl" poeması və baletindən ruhlanaraq yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə dərhal sakinlərin ürəyincə oldu və necə deyərlər, paytaxtın "əfsanəvi" məkanına çevrildi. Məhz bu "Qu quşları" fəvvarəsi fonunda insanlar şəkillər çəkdirir, görüşlər təyin edir, hovuzda "üzən" qu quşlarına baxıb zövq alırdılar, şəhərin qonaqları isə gözəl Bakıya yenə də qayıtmaq arzusu ilə hovuza qəpik atırdılar.

Qeyd edək ki, 1960-80-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, o cümlədən Bakıda memarlıq kompleksləri və paytaxtın simasını dəyişən binalar inşa edilirdi.

Ötən əsrin 60-80-ci illərində Bakıda gözəl memarlıq ansamblları tikildi, nəfis heykəltəraşlıq kompozisiyaları quraşdırıldı. Həmçinin köhnə fəvvarələr bərpa olundu, yeniləri tikildi. Onların arasında üzən "qu quşları" olan fəvvarə də var idi.


Xəbərə aid fotolar