Bakının ictimai nəqliyyatında ödəniş sistemində yeniliklər tətbiq oluna bilərmi?


Digərləri 28 Avq 2018 14:28:39 258 0

Bakının ictimai nəqliyyatında ödəniş sistemində yeniliklər tətbiq oluna bilərmi?

Bakının ictimai nəqliyyatında ödəniş sistemində yeniliklər tətbiq oluna bilərmi?

Bakı. Ceyhun Ələkbərov - Paytaxtda bəzi sərnişindaşıma marşrutları, həmçinin Bakı Metropoliteni gediş haqqının kartla ödənilməsi sisteminə keçsə də, günün pik saatlarında "BakıKart" ödəniş terminallarının qarşısında növbə yaranır. Bir sıra xarici ölkələrdə bu problemin həlli üçün ictimai nəqliyyatda müxtəlif ödəniş sistemləri tətbiq olunub. Məsələn, ödəniş mobil telefonlardan SMS göndərməklə, nəqliyyat kartının balansını onlayn doldurmaqla həyata keçirilir. Xatırladaq ki, 2010-cu ildə Bakı metrosunda oxşar sistemlərdən biri tətbiq olunmuşdu. Belə ki, sözügedən sistemdən “Azercell" simsiz rabitə operatorunun abonentləri istifadə edə bilirdi. Bunun üçün “Azercell" şəbəkəsinin abonentləri bir gedişə görə 9901, üç gedişə görə 9903, beş gedişə görə isə 9905 nömrələrinə boş SMS göndərməli idilər. SMS göndərildikdən sonra ştrix-kodların yüklənməsi üçün abonentin qurğusuna dərhal yüklənən link daxil olurdu və bundan sonra ştrix-kod istifadə üçün aktivləşirdi. Sərnişin turniketə yaxınlaşarkən telefonun ekranında aldığı ştrix-kodu açır və telefonu hesablayıcı qurğuya yaxınlaşdıraraq metropolitendə gediş haqqını ödəyirdi. İlk olaraq metronun “Elmlər Akademiyası” stansiyasının turniketlərində quraşdırılan hesablayıcı qurğu bir müddət sonra digər metro stansiyalarda da tətbiq olunmalı idi, lakin sistemin fəaliyyəti qısa zamanda dayandırıldı. Məsələ ilə bağlı “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, həmin ödəniş sistemindən istifadə edənlərin sayı gözləntilərdən az olduğuna görə onun fəaliyyəti çox çəkmədi.