ƏƏSMN və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Memorandum imzalayıb


Digərləri 28 Avq 2018 13:31:00 248 0

ƏƏSMN və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Memorandum imzalayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Memorandum imzalanıb.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, memorandumu nazir Sahil Babayev və Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev imzalayıblar. Tədbirdə S.Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası istiqamətində aparılan işləri diqqətə çatdırıb. O bildirib ki, Fərmana əsasən, nazirliyin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və DOST mərkəzləri dövlət sosial xidmətlərinin keyfiyyətinin müasir texnologiyalar üzərində, innovativ həllərin tətbiqi əsasında yüksəldilməsini, bu xidmətlərin “bir pəncərə” üzrə sistemli, sadələşdirilmiş prosedurlarla şəffaf və operativ təşkilini təmin edəcək. Nazir qeyd edib ki, bu sahədə müvafiq infrastrukturun qurulması, informasiya-kommunikasiya texnologiyaları üzrə həllərin tətbiqi, kadrların hazırlanması, hüquqi əsasların formalaşdırılması işlərində ASAN Xidmətlə təcrübə mübadiləsinə xüsusi önəm verilir. S.Babayev sosial xidmət müəssisələrində yaşayan pensiyaçıların əmək bazarına qaytarılması üçün ASAN Xidmətlə birgə “Yaşlı könüllülər” layihəsinin həyata keçiriləcəyini də vurğulayıb. O, hazırda imzalanan Memorandumun bu istiqamətlərdə, eləcə də müvafiq fəaliyyət sahələri üzrə könüllülük fəaliyyətinin təşkili və s. sahələrdə birgə fəaliyyətə, fəal əməkdaşlığa geniş imkanlar yaratdığını vurğulayıb.