“Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yaradılıb


Digərləri 28 Avq 2018 10:20:00 268 0

“Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yaradılıb

“Cümhuriyyətin 100 ili” Diaspor Gənclərinin I Yay Düşərgəsi yeni təşkilatın yaranması ilə nəticələnib.

Bakı. Elçin Mehdiyev – “Cümhuriyyətin 100 ili” Diaspor Gənclərinin I Yay Düşərgəsi yeni təşkilatın yaranması ilə nəticələnib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 50 milyonluq dünya azərbaycanlılarını 37 ölkədə təmsil edən 140 gəncin iştirakı ilə qədim Şəki şəhərində təşkil olunan “Cümhuriyyətin 100 ili” Diaspor Gənclərinin I Yay Düşərgəsi uğurlu sonluqla bitib. Azərbaycan diasporunun birləşdirilməsi yolunda mühüm addım kimi qiymətləndirilən Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçıları “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin yaradılmasına qərar verib və bu barədə bəyannamə ilə çıxış ediblər. Bəyannamədə gənclər bildiriblər ki, dünya gəncləri ilə birlikdə sülh, qardaşlıq və dostluğun təbliği, ətraf mühitin mühafizəsi, elmin və təhsilin inkişafı istiqamətində əməkdaşlıq edəcək, qlobal problemlərə qarşı birlikdə mübarizə aparacaq, dünya azərbaycanlılarının daha sıx birliyinə çalışacaq, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi və siyasi-hüquqi islahatlara dəstək verəcəyik.