Almaniyanın Cənubi Qafqazda ən çox qazanc əldə etdiyi ölkə


Siyasət 28 Avq 2018 07:00:00 324 0

Almaniyanın Cənubi Qafqazda ən çox qazanc əldə etdiyi ölkə

Azərbaycanın Almaniya üçün əhəmiyyəti çox böyükdür

"Deyildiyi kimi qaz mövzusu Almaniya kansleri xanım Angela Merkelin Azərbaycana rəsmi səfəri zamanı heç də əsas müzakirə mövzusu olmayıb. Amma nədənsə Merkelin Cənubi Qafqaz regionuna səfəri öncəsi müxtəlif KİV-lərdə bu mövzu elə bil ki, qəsdən ortalığa atılır, şişirdilirdi. Deyirdilər ki, Merkel bura qaz dalınca gələcək. Guya Almaniya burada xüsusən də Rusiyaya alternativ qaz ixracatçısı axtarır.

Məlumdur ki, yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri gözlənilir. Səsləndirilən belə fikirlər isə sanki Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq məqsədi daşıyırdı.  

Angela Merkel hələ Tiflisdə olarkən açıq şəkildə dedi ki, bu məsələ Almaniya üçün o qədər də prioritet deyil. Əlbəttə, Azərbaycan Cənubi Qaz Dəhlizi layihəsi vasitəsilə adından da göründüyü kimi Cənubi Avropaya qazın nəql olunmasını həyata keçirir. Bundan artıq burada başqa məqsədlər yoxdur. Buna baxmayaraq, qaz məsələsi qəsdən qabardılırdı. Lakin Merkel buna aydınlıq gətirəndən sonra bu məsələ nisbətən səngiyib, ancaq yenə də bəzi KİV-lərdə qaz mövzusu əsaslardan biri kimi qabardılır".

Bu barədə Son.az-a "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri, beynəlxalq məsələlər üzrə tanınmış ekspert İlqar Vəlizadə Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz və Azərbaycana rəsmi səfərinin nəticələrini şərh edərkən deyib.

Əsas mövzu isə politoloqun fikrincə tamam fərqlidir: "Bu, Merkelin Cənubi Qafqaz regionuna ilk səfəri idi. Əsas məqsəd Almaniyanın regiondakı aksentlərini, prioritetlərini müəyyənləşdirmək və bu regionda siyasətini aktivləşdirmək idi. Burada iki əsas prioritet var - iqtisadi və siyasi. Lakin bunlar hər 3 ölkə üçün fərqli xarakter daşıyır.

Məsələn, Gürcüstan Almaniya üçün vacib ölkədir. Çünki Gürcüstan Avropa İttifaqı ilə assosiativ saziş bağlayan, həm bu birliyə, həm də NATO-ya daxil olmaq istəyən ölkədir. Almaniyanın bu regiondakı ən fəal siyasi tərəfdaşı məhz elə Gürcüstandır.

Ermənistanda hakimiyyət dəyişikliyi baş verib və hakimiyyətə qərbyönümlü siyasətçilər gəlib. Baş nazir Nikol Paşinyanın özü isə illər öncə Almaniyanın müxtəlif fondlarının regionda həyata keçirdiyi layihələrin fəal iştirakçısı olub. Ona görə də belə bir siyasətçinin Ermənistanda hakimiyyətə gəlməsi Almaniya üçün çox önəmlidir. Bu baxımdan kansler Merkel Paşinyana müxtəlif siyasi dəstək verməyi vəd edib.

Lakin hər üç ölkə üçün ümumi məqsəd odur ki, Almaniya burada vacib infrastruktur layihələri həyata keçirir. Bu baxımdan Almaniyanın rolu misilsizdir və indi o, öz rolunu və yerini daha da möhkəmləndirmək istəyir".

Ekspertin fikrincə, Almaniya Azərbaycana özünün regiondakı iqtisadi bazası kimi yanaşır: "Nəzərə almaq lazımdır ki, Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin üçdə iki hissəsi məhz Azərbaycanın payına düşür. Belə ki, 2017-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarətində Azərbaycanın payı təxminən 66% olub. İki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxın olub. Almaniyadan olan şirkətlər Azərbaycanda 1 milyard dollardan çox dəyəri olan layihələr icra ediblər. Bundan başqa Azərbaycanda özündə 150-dən çox alman müəssisəsini birləşdirən alman xarici ticarət palatası fəaliyyət göstərir. Yəni Azərbaycan-Almaniya münasibətləri təkcə neft-qaz sektoru ilə kifayətlənmir. Düzdür, Avropada İtaliyadan sonra Azərbaycan neftinin ən böyük neft idxalçısı Almaniyadır. Almaniya bu baxımdan Azərbaycan üçün vacib bazardır. Amma nəzərə almaq lazımdır ki, Almaniya Azərbaycanda elektrik enerjisi, kənd təsərrüfatı, nəqliyyat, kimya və s. sahələrdə də investisiya yatırıb. Ona görə də Azərbaycan Almaniya üçün regionda ən böyük ticarət tərəfdaşıdır.

Fransanın və NATO-nun Cənubi Qafqaz regionundakı hərbi-siyasi planları dəyişə bilər O da nəzərdən qaçmamalıdır ki, Almaniya Gürcüstan və Ermənistana elə-belə pul ayırır, onların infrastruktur obyektlərinin qurulmasına çox yüngül şərtlərlə kredit verir, donor kimi çıxış edir. Azərbaycana qarşı isə başqa cür davranır. Azərbaycanın iri şirkətləri "Azərenerji" və SOCAR ilə Almaniya şirkətləri arasında paritet əsasda əməkdaşlıq mövcuddur, onları investor kimi cəlb edirlər. Qısası, Almaniya burdan mənfəət əldə edir. Almaniya Azərbaycandan əldə etdiyi qazancı nə Gürcüstandan, nə də Ermənistandan əldə edə bilir. Ona görə də Azərbaycanla ticarət dövriyyəsi o birilərinə nisbətən çoxdur.

Burada Almaniyanın iri biznes nəhəngləri Azərbaycanı regionda tramplin kimi istifadə etmək istəyirlər. Onlar Azərbaycan vasitəsilə regonda öz mövqelərini möhkəmlətmək və sonra da Mərkəzi Asiya və Xəzəryanı respublikalarda geniş fəaliyyət göstərməyə nail olmaq niyyətindədirlər. Alman iqtisadi nəhəngləri Azərbaycanı özünün regiondakı iqtisadi bazası kimi görürlər. Ona görə də ".

İlkin İzzət Son.az