ABŞ rəhbərlərinə meydan oxuyan siyasətçi


Dünya 27 Avq 2018 17:56:00 231 0

ABŞ rəhbərlərinə meydan oxuyan siyasətçi

Ötən gün 81 yaşında dünyasını dəyişən, uzun müddət beyin xərçəngindən əziyyət çəkən ABŞ-ın respublikaçı senatoru Con Makkeynin ölümü də sağlığındakı kimi Amerika və dünya gündəmində təzadlı baxışlar ortaya çıxartdı.

Son.az azvision.az-a istinadən ABŞ-da həlledici kürsülərə sahib olmasa da, Amerika və dünya siyasətində önəmli təsirə malik respublikaçı senatorun həyatı və iş fəaliyyətilə bağlı maraqlı məqamları oxuculara təqdim edir. 

Makkeyn 29 avqust 1936-cı ildə o zamanlar Vaşinqtonun nəzarəti altında olan, lakin ABŞ ərazisinin tərkib hissəsi olmayan Panama Kanalı Zonasında hərbi dəniz qüvvələrinin zabiti Con S.Makkeyn və Roberta Makkeynin ailəsində dünyaya gəlib. O, ailənin 3 övladından ikincisi idi. Makkeynin həm atası, həm də babası ABŞ hərbi donanmasının admiralı olublar. Daha sonra onun atası ABŞ-ın Sakit okeandakı bütün donanma qüvvələrinin kapitanı vəzifəsinədək yüksəlib və bu səbəbdən də, Makkeynin uşaqlıq və yeniyetmə illəri, demək olar ki, Amerikada və ondan kənardakı hərbi dəniz bazalarında keçib. 

O, Virciniyadakı Yepiskop internat-hazırlıq orta məktəbində oxuyub və 1954-cü ildə oranı bitirib. Daha sonra atası və babasının yolunu davam etdirərək Merilend ştatındakı Hərbi Dənizçilik Akademiyasına qəbul olub, eyni zamanda 1960-cı ildə uçuş məktəbini bitirib. 

Kommunistlərin dəstəklədiyi Şimali Vyetnamla ABŞ-ın arxa çıxdığı Cənubi Vyetnam arasında müharibə başlayanda Makkeyn könüllü şəkildə orda hərbi xidmətə yazılıb və "A-4 Skyhawk" hücum təyyarəsinin pilotu olub. Vyetnam müharibəsində iştirak edərkən 1967-ci ilin 29 iyulunda möcüzəli şəkildə ölümün bir addımlığından geri dönüb. Onun təyyarəsi səhvən ABŞ hərbi aviadaşıyıcısının göyərtəsində olan raketlə vurulub. Güclü partlayış və yanğın nəticəsində 134 nəfər ölüb, lakin Makkeyn sağ qalıb. Ölümdən qaça bilsə də, 1967-ci il oktyabrın 26-da Vyetnam müharibəsindəki 23-cü hava missiyasını yerinə yetirərkən Şimali Vyetnamın paytaxtı Hanoyu bombalayan zaman təyyarəsi raketlə vurulub və Makkeynin hər iki qolu və bir ayağı sınıb. Sağ qalsa da, yaralı halda Şimali Vyetnam kommunistlərinə əsir düşüb. 

Onu ələ keçirənlər daha sonra Makkeynin yüksək rütbəli ABŞ zabitinin oğlu olduğunu öyrənəndə ona erkən azadlıq təklif ediblər. Lakin Makkeyn hərbi davranış kodeksini pozmaq istəməyib və həmçinin, bu məsələnin ABŞ-a qarşı güclü təbliğət vasitəsi kimi istifadə olunacağını bilərək kommunistlərə rədd cavabı verib. Nəticədə Şimali Vyetnam kommunistləri onu müxtəlif əsir düşərgələrində 5 il yarım həbsdə saxlayıblar. Bu müddətin 3 il yarımını tək adamlıq təcridxana kameralarında keçirərək işgəncələrə məruz qaldıqdan sonra Makkeyn digər amerikalı əsirlərlə birgə 1973-cü ilin 14 martında sərbəst buraxılıb. Vyetnam müharibəsindəki əməyi və fədakarlıqlarına görə Makkeyn "Gümüş Ulduz", "Bürünc Ulduz", "Bənövşəyi Ürək" və "Fəxri Uçuş Xaçı" medallarına layiq görülüb. 

Müharibə zamanı aldığı ciddi xəsarətləri sağaltmaq üçün 9 ay reabilitasiya keçib və fiziki baxımdan tam yararlı ola bilməsə də, yenidən hərbi xidmətə qayıdıb. Lakin əsirlikdəki işgəncələrin fəsadları özünü göstərib və əllərinin yaxşı işləmədiyini görən Makkeyn donanmada karyera qura bilməyəcəyini anlayayıb.

Makkeynin siyasətə ilk gəlişinin təməli məhz 1976-cı ildə ABŞ Senatının donanma əlaqələndiricisi təyin olunarkən qoyulub. 1981-ci ildə ikinci dəfə ailə quran Makkeyn hərbi işdən ayrılıb və Arizona ştatına qayıdıb. Qaynatasının pivə biznesində ictimai əlaqələr üzrə işləməyə başlayıb, zamanla ABŞ siyasi səhnəsindəki insanlarla əlaqələr qurub. Bu səbəbdən, "əsl Amerika torpağında" dünyaya gəlməməsi və Arizona ilə heç bir bağlılığının olmamasına dair iddialara baxmayaraq, siyasi tanışlar çevrəsini genişləndirən Makkeynin 1982-ci ildə Arizona ştatından ABŞ Konqressinin Nümayəndələr palatasına seçilməsi çox asan olub. Onun müharibə fədakarlıqları da qələbədə ciddi təbliğat rolunu oynayıb.

1986-cı ildə uzun illər Arizona ştatının senatoru olan respublikaçı Barri Qoldvoter istefa verdikdən sonra isə Makkeynin ABŞ Senatına yolu açılıb. Zamanla Makkeyn amerikalılar və ABŞ siyasi isteblişmenti arasında müharibə adamı, partiya nizamnaməsinə məhəl qoymayan, ABŞ rəhbərliyi ilə bağlı təzadlı mövqe sərgiləyən, siyasi baxışlarında çox zaman ziddiyyətlər olan və olduqca mühafizəkar biri kimi tanınmağa başlayıb. Bütün bunlar üçün əsas var idi. Makkeyn 2000-ci ilin prezident seçkilərində Corc Buşun rəqibi kimi məğlub olsa da, eynicinsli nikahlar, qlobal istiləşmə, miqrasiya siyasətini tənqid etdiyi Buşun yenidən seçilməsini dəstəkləyib. 2008-ci ildə respublikaçıların namizədi kimi yenidən prezident seçkilərinə qatılsa da, Makkeyn bu dəfə Barak Obamaya uduzub. 

İraqa hərbi müdaxilənin tərəfdarlarından biri olmağına rəğmən, Makkeyn dəfələrlə Pentaqonun işini tənqid edib. Bu mənada amerikalı senatorun xarici siyasətlə bağlı baxışları da özünəməxsus olub. Makkeynə görə, ABŞ-ın qlobal gücü onun hərbi üstünlüyündədir və bu səbəbdən də, xarici siyasət hərbi istiqamətlə paralel aparılmalıdır. Əgər ABŞ prezidenti olarsa Makkeyn yarıtmaz dövlətlərə qarşı yeni hərbi siyasət tətbiq edəcəyini, onların mövcud hökumətlərini devirib yerində yeni "demokratik" hökumətlər qurmaq üçün həm xarici, həm də daxildəki qüvvələri silahlandıracağını demişdi.