Ekspert: "Angela Merkelin Dağlıq Qarabağ münaqişəsi barədə fikirləri xüsusi əhəmiyyətə malikdir"


Digərləri 27 Avq 2018 15:56:00 255 0

Ekspert: "Angela Merkelin Dağlıq Qarabağ münaqişəsi barədə fikirləri xüsusi əhəmiyyətə malikdir"

Almaniya Kansleri Angela Merkelin Bakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi barədə fikirləri xüsusi əhəmiyyətə malikdir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, A.Merkelin Bakı səfərində söylədiyi fikirlər tək bügünkü proseslərə bağlılığı ilə yox, eyni zamanda, dərin perspektiv təsir gücü ilə diqqəti cəlb edir:

"Almaniya Kansleri bütün əməkdaşlıq istiqamətlərində Azərbaycanın siyasətinə tam anlayışla baxıldığını və Azərbaycanın çox faydalı və etibarlı tərəfdaş olduğunu ifadə etdi. A.Merkel Yerevanda görüşlər keçirəndən sonra Bakıda maraqlı bəyanatlar səsləndirib. Hər iki ölkədə Kanslerin söylədiyi fikirləri müqayisəli təhlil etmək kifayətdir ki, Almaniya və Avropa İttifaqı ilə ticarət-iqtisadi əməkdaşlıqda Azərbaycana hansı çəkili partnyor kimi baxıldığını dəqiqləşdirə bilək".

A.Quliyev qeyd edib ki, bu gün Azərbaycan daha çox dünya əhəmiyyətli qlobal iqtisadi, ticarət, enerji, investisiya və logistika layihələrinin tərəfdaşı kimi nəzərdən keçirilir:

"A.Merkel Azərbaycanın məhz bu gücünü bütün bəyanatlarında büruzə verdi. Kanslerin bəyanatlarını şərti olaraq qruplaşdırsaq, bitkin bir mənzərə görəcəyik. Belə ki, Avropanın enerji təminatında Azərbaycanın siyasəti mühüm amil kimi dəyərləndirildi, ölkəmizin qeyri-neft sektorunun inkişafında alman şirkətlərinin böyük marağı ortaya qoyuldu".

Ekspertin sözlərinə görə, Kanslerin Dağlıq Qarabağ münaqişəsi barədə fikirləri həm Azərbaycan, həm də münaqişənin tezliklə tənzimlənməsində maraqlı olan bütün beynəlxalq dairələr üçün xüsusilə əhəmiyyətlidir:

"Ermənistanda yeni hökumətin qurulması faktı bəlkə də bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola bilər və Almaniya da burada iştirak edə bilər" - sözləri Kanslerin çox dəqiq hədəfə yönəldiyini açıq göstərir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda məhz Ermənistan rəhbərliyinin pozucu rol oynadığını göstərmək üçün bundan sərrast ifadələr işlətmək mümkün deyil".

Baş redaktor əlavə edib ki, Azərbaycan Prezidentinin dünya liderləri ilə Qarabağ probleminin mahiyyətini açmaq müstəvisində indiyə qədərki fəaliyyətinin böyük nəticəsi ortadadır: "Almaniya və Azərbaycan bir-birinə daha da yaxınlaşdı, iki liderin dialoq münasibətləri daha da dərinləşdi".

A.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevlə Merkelin son dialoqu və razılaşmaları Azərbaycan-Aİ münasibətlərinə də böyük təsir göstərəcək.