Deputat: Azərbaycan-Almaniya əlaqələrinin dərinləşməsi Avropa regionu üçün xüsusi əhəmiyyət kəsb edir


Digərləri 27 Avq 2018 15:06:00 276 0

Deputat: Azərbaycan-Almaniya əlaqələrinin dərinləşməsi Avropa regionu üçün xüsusi əhəmiyyət kəsb edir

Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə səbəb olacaq.

Bakı. Elçin Mehdiyev - Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə səbəb olacaq. Bunu Trend-ə Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. S.Vəliyeva bildirib ki, Almaniya Avropa qitəsinin ən güclü ölkələrindən biridir: “Xüsusilə də, son dövr ərzində dünyada baş verən geosiyasi və geoiqtisadi proseslər Almaniya kimi dövlətlər üçün müxtəlif regionlar üzrə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini genişləndirmək, dərinləşdirmək istəklərini reallaşdırma imkanları formalaşdırır. Əlbəttə ki, xanım Merkelin Azərbaycana səfəri də bu baxımdan istisna təşkil etmir”. Deputat qeyd edib ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizə 250 milyard dollar sərmayə qoyulub: “Azərbaycan Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətlilik reytinqində 35-ci yerə yüksəlib. Artıq bu gün Azərbaycan Cənubi Qafqaz regionunun maliyyə və iqtisadi kütləsinin 75 faizini özündə cəmləşdirir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfələr verməkdə davam edir. Hətta Azərbaycanın malik olduğu tranzit-kommunikasiya infrastrukturu perspektiv enerji layihələrinin reallaşdırılması üçün də əlverişli şərait yaradır. Eyni zamanda Azərbaycanın Avropa İttifaqına daxil olan dövlətlərin bir çoxu ilə ikitərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətləri mövcuddur. Aİ ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50 faizdir. Bu baxımdan Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Aİ ölkələri üstünlük təşkil edir”.