UNİCEF rəsmisi: "Azərbaycanda uşaqların qorunması sferasında böyük irəliləyiş var" - MÜSAHİBƏ


Siyasət 27 Avq 2018 13:20:25 367 0

UNİCEF rəsmisi: "Azərbaycanda uşaqların qorunması sferasında böyük irəliləyiş var" - MÜSAHİBƏ

"Ölkədə yeni doğulmuş oğlan və qızlar arasında hələ də böyük disbalans mövcuddur"

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinin "Report" agentliyinə müsahibəsi.

- Bu il UNİCEF və Azərbaycan əməkdaşlığın 25 illiyini qeyd edir. Siz uzunmüddətli əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Uşaqlar üçün uğurlu 25 il olduğunu düşünürəm. Hesab edirəm ki, uşaqların 25 il əvvəlki vəziyyətinə baxsaq, o vaxtlar münaqişə səbəbindən Azərbaycan üçün çətin olduğunu aydın görərik və UNİCEF-in əsas işi isə münaqişənin təsirinə məruz qalmış uşaqlara dərhal yardım göstərilməsindən ibarət idi. Ancaq həmin vaxtdan bəri uzun yol qət etmişik. Əlbəttə, bu gün Azərbaycan daha sabitdir və çiçəklənir. Görürük ki, bu, uşaqlarla bağlı vəziyyətə də təsir edib. Son 25 ildə uşaqlara və onların ailələrinə təsir göstərən yoxsulluq səviyyəsi ciddi şəkildə azalıb.

Məsələn,25 il əvvəl poliomielit kimi uşaqların ölümünə və xəstəliklərinə səbəb olan bəzi xəstəliklər Azərbaycanda artıqyoxdur. Səhiyyə sahəsinə yatırılan investisiyalar və peyvənd proqramları sayəsində hətta malyariyanın da öhdəsindən gəlinib.

İbtidai təhsildən danışarkən, demək olar, bütün uşaqlar məktəbə getmək, keyfiyyətli təhsil almaq imkanına malikdir. Uşaqların hüquqlarının qorunması ilə bağlı qanun layihələrinin qəbulunda irəliləyiş görmüşük. Həmçinin duzun məcburi yodlaşdırılması haqqında qanun qəbul edilib və bu da uşaqların sağlamlığına böyük təsir göstərib. Beləliklə, ümumilikdə, uşaqların müdafiəsi məsələsinə böyük diqqət və cəmiyyətdə uşaqları dəstəkləmək baxımından əsaslı dəyişikliklər baş verdiyini gördük. 25 il əvvəl valideynləri tərəfindən tərk edilən uşaqların sığınacaqlara getdiyi, bu gun isə daha çox insanın sığınacaqları tərk edərək cəmiyyətə qaynayıb qarışması buna yaxşı nümunədir. Bu, Azərbaycanda uşaqların müdafiəsinə münasibətdə mühüm dəyişiklikdir. UNİCEF olaraq bunu izləməkdən məmnunuq.

- Bu il UNİCEF Azərbaycanda hansı layihələri həyata keçirib və daha hansı layihələr gözlənilir?

- Bir sıra mühüm nümunə göstərəcəyəm. Hesab edirəm ki, irəliləyiş görməkdən çox məmnun olduğumuz sahə məhdud imkanlı uşaqlara diqqət yetirilməsidir. İnklüziv təhsilin təşviq edilməsi üzərində çalışırıq. Bildiyiniz kimi, Prezident 2017-ci ilin sonunda inklüziv təhsil üzrə yeni dövlət proqramı qəbul edib. Bu, inklüziv məktəblərə böyük investisiyalar cəlb edilməsi üçün çərçivə yaradır. Əlilliyi olan daha çox uşağın təhsil alacağını, eləcə də kurrikulumun inkişafı üzrə müəllimlərlə işin davam etdiriləcəyini görəcəyimizə ümid edirik.

Ötən ilin sonunda gənclərə dəstək proqramını, xüsusilə Binəqədi və Mingəçevirdəki pilot proqramları başlatdıq. İndi müxtəlif agentliklər və hökumət özünüqiymətləndirmənin yüksəldilməsi, liderlik, gənclər üçün səhiyyə proqramları kimi müxtəlif xidmətlər göstərir.

Haqqında danışmaq istərdim digər yeni proqram uşaqların erkən inkişafı proqramıdır. Bildiyiniz kimi, bir neçə ildir məktəbəqədər təhsilə dəstək oluruq. Bu, 5 yaşlı uşaqlar üçün birillik proqramdır və onlara 6 yaşında məktəbə getməyə hazır olmağa kömək edir. 5 yaşlı uşaqların 2/3-si bu hazırlığı uğurla keçib. İndi isə daha azyaşlı uşaqlar üçün proqram hazırlayırıq. 3 və 4 yaşlı uşaqların təhsil alması məqsədilə, təxminən, 50 vətəndaş cəmiyyəti ilə işləməyə başlamışıq. Amma, ən əsası, onların digər uşaqlarla sosial ünsiyyət bacarıqlarını öyrənməsidir. Valideynlərə uşaqlara psixoloji və fiziki inkişafda necə kömək etmək lazım gəldiyi öyrədilir. Onlar bu qabiliyyətləri nə qədər sürətli inkişaf etdirsələr, beyinləri, ünsiyyət qabiliyyətləri daha sürətli inkişaf edəcək. Bu bacarıqlar bütün həyatları boyu onlarla qalacaq. Bu, Azərbaycanda yenilikdir. Hesab edirəm ki, bu, nəsildən-nəslə ötürüləcək mühüm investisiyadır.

İşimizin digər sahəsi ana südü ilə qidalanmanın təşviqi və dəstəklənməsidir. Yenə 25 il əvvələ baxdığımızda ana südü ilə qidalandırmanın vəziyyəti yaxşılaşıb və bu mövzuda valideynləri dəstəkləyirik. Son məlumatlar göstərir ki, Azərbaycan hələ də bu istiqamətdə işləməlidir.

Anemiya ilə mübarizəmizi də qeyd etməliyəm. Bu, qadının və uşağının sağlamlığı üçün vacibdir. Anemiya ilə doğulmuş uşağın çəkisi az olur və bu, onun inkişafı və sağlamlığına təsir göstərir. Bu xəstəliyə qarşı mübarizənin ən asan yolu qidaya dəmir əlavə etməkdir. Bunun ən yaxşı yolu isə una dəmir qatmaqdır. Hazırda Azərbaycanın una dəmir qatılması üzrə milli proqramı yoxdur. Hökumət bunu etmək istəyir. Səhiyyə Nazirliyi və parlament bu məsələdə kömək edir və ümid edirik ki, bu, cari il hökumətin una dəmirin əlavə edilməsinin icbariliyinə dair qanun layihəsi yaratmağına imkan verəcək. Bu elə bir prosesdir ki, nəticəsini bir ilə görmək olur. Odur ki, 2018-ci ilin sonuna qədər proqramı başlatsaq, bir ildən sonra anemiya hallarının azaldığını görəcəyik.

Diqqət yetirmək istədiyim son sahə kifayət qədər mürəkkəbdir və kasıb ailələrə dəstək verməyə istiqamətlənib. Yenə də qeyd edirəm ki, ölkədəki iqtisadi vəziyyət yaxşılaşıb, irəli addımlamalı olduğumuz aydın görünür, irəliləyiş də müşahidə olunur. Ancaq çətin həyatı olan ailələr hələ də var. Valideynlərin çox az gəlir əldə etdiyi, kəndlərdə və ya təcrid olunmuş vəziyyətdə yaşayan ailələr var. Bu cür ailələrin uşaqlarının çətinlik yaşadığını bilirik. Buna görə də bu sahədə işimiz sosial işçiləri necə yetişdirə biləcəyimizlə, bu kasıb ailələrin artıq mövcud olan, amma onların bilmədikləri imkanlardan istifadə etməsinə necə kömək edə biləcəyimizlə bağlıdır. Azərbaycanda tam sosial işçilər yoxdur, bu sahədə böyük boşluq olduğunu hesab edirik. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kasıb ailələri diqqətdə saxlayacaq sosial işçilərin olmasında marağını bilirik və artıq sosial işçilərin təliminə, ölkənin müxtəlif bölgələrində test etmək üçün müxtəlif sosial paketlər hazırlamağa başlamışıq. Bütün bunlar uğurla həyata keçirilsə, çətinliklər yaşayan ailələrə yardım növlərinin inkişafı baxımından ciddi irəliləyişlər görəcəyik. Belə ailələrlə artıq bu gündən işə başlamaq lazımdır ki, bu, bütün ölkəyə davamlı inkişaf gətirsin.

- Ümumilikdə, dünyada, o cümlədən Azərbaycanda uşaqların hüquqları ilə bağlı vəziyyəti necə xarakterizə edərdiniz?

- Hesab edirəm ki, bu, ölkədən asılıdır. Uşaqların hüquqlarına tam hörmət edilməyən ölkələr var, yalnız bir neçə münaqişəyə baxmaq yetərlidir ki, uşaqların münaqişələrin ilk qurbanı olduğunu, böyüklərin hərəkətlərinin nəticələrindən əziyyət çəkdiyini görmək mümkün olsun. Fikrimcə, UNİCEF olaraq uşaqları qorumaq üçün daha çox iş görə bilərik. Uşaqların hüquqlarının qorunmasının sülh, sosial məsuliyyət və inkişaf üçün əsas və vacib olduğunu göstərməliyik. Hesab edirəm ki, artıq dediyim kimi, Azərbaycanda böyük irəliləyiş və inkişaf var. İki ildir Azərbaycanda işləyirəm və bu müddət ərzində bir çox insanlarla ünsiyyət qurmuşam. İnsanlar uşaqlara investisiya yatırmağın və onların qorunmasının əhəmiyyətini başa düşürlər. Amma sistemin işlədiyindən, qanunların olmasından əmin olmalıyıq.

Qızlarla bağlı vəziyyətə baxsaq, burada hələ tamamlanmamış iş var. Azərbaycanda yeni doğulmuş oğlan və qızlar arasında hələ də böyük disbalans mövcuddur. Cəmiyyətlə işimizin bir hissəsi də bundan ibarətdir, qızların hüquqları, onların yalnız ana və bacı kimi yox, həm də müəllim, mühəndis, siyasətçi kimi cəmiyyətə verə biləcəyi xeyirləri aşılamağa çalırıq. Bu il kampaniyanı AFFA ilə aparırıq. Onlar qızların idmandakı, cəmiyyətdəki bacarıqlarını üzə çıxarmağa yardım edir. Bununla qızların qiymətli olduğu, hətta bəzən oğlanlardan da çox dəyərli olduğu mesajını veririk.