Bakı küçələrində yenidən tramvaylar şütüyə bilərmi?


Digərləri 26 Avq 2018 15:39:00 212 0

Bakı küçələrində yenidən tramvaylar şütüyə bilərmi?

"Bakıda tramvayların bərpası ilə bağlı aidiyyatı dövlət qurumları ilə müzakirələr aparacağıq. Bu barədə dəqiq fikir söyləmək hələ tezdir". Report-un xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib. Komitə sədri bildirib ki, Bakıdakı mövcud vəziyyət və dünya təcrübəsi araşdırılaraq uyğun qərar veriləcək.

Son.az bildirir ki, "Sputnik Azərbaycan" məsələ ilə bağlı yol-nəqliyyat eksperti Azər Allahverənovun fikirlərini öyrənib. O deyib ki, bir neçə cəhətə görə tramvayların istifadəsi müsbət hesab edilir: "Birincisi, onun ətraf mühitə müsbət təsiridir. Digər nəqliyyat vasitələrinin havaya buraxdıqları tullantıların zərəri kifayət qədər yüksəkdir. Amma tramvaylarda bu yoxdur. Ona görə ki, tramvay enerji ilə işləyir". 

"İkincisi, böyük tıxaclar olan şəhərlərdə, xüsusilə tramvaylar tətbiq edilir. Çünki tramvaylar onlar üçün ayrılmış yollarla hərəkət edirlər və onların tıxacda qalması minimuma endirilir və beləliklə, mənzil başına vaxtında çatır. Bu da insanların vaxt itkisinin qarşısını alır" - deyə ekspert bildirib.

A.Allahverənov onu da qeyd edib ki, digər nəqliyyat vasitələri ilə müqayisədə tramvaylarda ödəniş haqqı da nisbətən aşağıdır. Yəni maddi baxımdan da istehlakçılar üçün maraqlı nəqliyyat növüdür. Ən azından böyük məsrəflər tələb etmir.

Ekspertin fikrincə, digər müsbət cəhət təhlükəsizlik məsələsidir: "Tramvayların istifadəsi kifayət qədər təhlükəsiz hesab edilir. Dünya statistikasına baxanda tramvayların iştirakı ilə baş verən yol qəzalarının sayı, demək olar ki, yox dərəcəsindədir".