Marianna Vardinoyannis: Mehriban Əliyevanın böyük ruha, dərin həssaslıq və sevgi ilə zəngin ürəyə sahib olması həqiqətən də unikaldır


Siyasət 26 Avq 2018 11:51:00 254 0

Marianna Vardinoyannis: Mehriban Əliyevanın böyük ruha, dərin həssaslıq və sevgi ilə zəngin ürəyə sahib olması həqiqətən də unikaldır

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycanın sosial, mədəni və iqtisadi inkişafı, ölkənin zəngin mədəni ənənələrinin bütün dünyada təbliği istiqamətində böyük işlər görülüb.

Son.az bildirir ki, bunu Trend-ə  ELPIDA - Xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyasının prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis deyib.

M.Vardinoyannis qeyd edib: "Mənim geniş dünyagörüşünə malik, ən dəyərli dostum, dərindən heyran olduğum Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə dostluğum və Azərbaycan xalqına sevgi və hörmətim əməkdaşlığımızı yalnız davam etdirmək üçün deyil, həm də gələcək birgə layihələr çərçivəsində onu daha da genişləndirmək üçün iki əsas motivdir. Tanışlığımızın ilk günündən Mehriban Əliyeva bizim təşəbbüslərimizi dəstəklədi, ELPIDA-ya və bizim Afinadakı Onkoloji uşaq xəstəxanasına baş çəkdi. Onun böyük ruha, dərin həssaslıq və sevgi ilə zəngin ürəyə sahib olması həqiqətən də unikaldır. Bizim YUNESKO-da uzunmüddətli əməkdaşlığımız müddətində onun qətiyyətinin şahidi olmaq imkanım olub və mən bu cür dostluqdan dərin təsirlənirəm və həyat yolumda onunla qarşılaşdığım üçün çox xoşbəxtəm".

Azərbaycanla Yunanıstan arasında əlaqələrin möhkəmləndirilməsindən danışarkən, M.Vardinoyannis bildirib ki, Azərbaycan yalnız zəngin tarixi deyil, həmçinin parlaq gələcəyi olan ölkədir:

" Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva ilə səmimi dostluğum mənim bu gözəl, maraqlı ölkə və Azərbaycan xalqı ilə tanış olmaq imkanı verdi. Keçmişlə müasirlik, tarix və gələcək arasındakı balans Azərbaycanla Yunanıstanı birləşdirən ümumi xüsusiyyətdir. Bu bünövrə əsasında xalqlarımız möhkəm və davamlı əməkdaşlıq qurur. Əminəm ki, bu əməkdaşlıq mühüm nəticələrə gətirib çıxaracaq və inanıram ki, hər iki tərəf sosial və mədəni, eləcə də təhsil və səhiyyə sahələrində əlaqələrin möhkəmləndirilməsində maraqlıdır. Qeyd etməliyəm ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkələr arasında dostluq münasibətləri və dialoq qurmağı bacaran uzaqgörən bir siyasətçidir. Onun gündəlik səyləri sayəsində Azərbaycanın müasir imici, azərbaycanlıların həyatında inkişaf və tərəqqi təmin olunub. İlham Əliyev Azərbaycanın dahi lideri Heydər Əliyevin işini davam etdirir. İlham Əliyev Azərbaycanın qapılarını bütün dünyaya açıb. Azərbaycan Prezidenti digər ölkələrlə və təşkilatlarla əməkdaşlıq vasitəsilə bu böyük ölkəni mədəniyyət, inkişaf və innovasiya mərkəzinə çevirib".

O, həmçinin Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan bəhs edib: "Bizim müxtəlif layihələr çərçivəsində Heydər Əliyev Fondu ilə əməkdaşlıq üçün bir çox imkanlarımız olub. Bu bizim üçün böyük fəxr idi və həmin layihələr əhəmiyyətli nəticələr verib. Azərbaycan Dövlət Rəqs Ansamblının və Azərbaycan Dövlət Simfonik Orkestrinin 2014-cü il sentyabrın 27-də Afinada "İrodio" teatrında möhtəşəm çıxışı bizim xalqlarımızı daha da yaxınlaşdırdı, Azərbaycan müsiqisini, rəqsini və mədəniyyətini yunanlara təqdim etdi. Biz, həmçinin Heydər Əliyev Fondu tərəfindən gənclər üçün təşkil olunan "YES" kampaniyasını dəstəklədik. Bu kampaniya böyük nəticələr verdi. Biz daim YUNESKO çərçivəsində təhsil və mədəni irs sahələrində əməkdaşlıq edirik".

Son.az