Prezident İlham Əliyev: Ümid edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni dövr başlanacaq


Digərləri 25 Avq 2018 23:32:25 227 0

Prezident İlham Əliyev: Ümid edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni dövr başlanacaq

Ümid edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni dövr başlanacaq.

Bakı. Ümid edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni dövr başlanacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Almaniya Kansleri xanım Angela Merkellə birgə mətbuat konfransında deyib. Dövlətimizin başçısı qeyd edib: "Hörmətli xanım Kansler. Hörmətli qonaqlar, xanımlar və cənablar. İlk növbədə, hörmətli xanım Kansler, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Bu, Almaniya Kanslerinin Azərbaycana ilk səfəridir, bu, tarixi bir səfərdir. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər nəticəsində Almaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcək, bu səfər əlaqələrimizə yeni təkan verəcəkdir. Bu gün biz gündəlikdə duran bir çox məsələləri çox açıq, konstruktiv şəkildə müzakirə etdik. Əminəm ki, aparılan danışıqlar, keçirilmiş fikir mübadiləsi gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır. Mən xanım Kanslerə regional təhlükəsizlik məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verdim. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri uzun illərdir ki, Ermənistanın işğalı altındadır". İlham Əliyev bildirib ki, bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür: "BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur, onları icra etmir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır. Biz bu gün digər məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Aramızda olan ticarət dövriyyəsi artır. Bu gün biz Almaniya və Azərbaycan biznes dairələrinin nümayəndələri ilə görüşəcəyik. Almaniyadan olan şirkətlər Azərbaycanda bir çox layihələrdə iştirak edirlər və əminəm ki, bu səfərdən sonra onların buradakı fəaliyyəti daha da genişlənəcək, buna böyük imkanlar var. Azərbaycan indi iqtisadi şaxələndirmə siyasətini uğurla aparır, çox böyük sərmayələr qoyulur, sərmayə iqlimi də çox müsbətdir. Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulubdur ki, bunun da təxminən yarısı xarici sərmayədir". Prezident vurğulayıb ki, enerji təhlükəsizliyi məsələləri, əlbəttə, diqqət mərkəzindədir. Azərbaycan bu sahədə öz rolunu oynayır və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir. Xüsusilə Cənub Qaz Dəhlizinin yaradılması tarixi hadisə kimi qəbul edilir. Bu, çox böyük, genişmiqyaslı layihədir, 40 milyard dollar sərmayə tələb edən layihədir və uğurla icra edilir. Bu ilin may ayında Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur: "Biz xanım Kanslerlə, eyni zamanda, demokratiya, insan haqlarının qorunması ilə bağlı fikir mübadiləsi apardıq və bu sahədə əməkdaşlığımızı davam etdirmək fikrindəyik. Avropa İttifaqı-Azərbaycan əlaqələri də müzakirə edildi, biz bu əlaqələrin inkişafından çox razıyıq. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanmışdır və böyük saziş üzərində çox konstruktiv şəkildə iş aparılır. Ümid edirəm ki, danışıqlar yaxın zamanlarda uğurla başa çatacaq və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni dövr başlanacaqdır. Bir sözlə, bu gün bu və digər məsələlər, o cümlədən regional vəziyyətlə bağlı məsələlər də müzakirə edildi. Bu göstərir ki, aramızda olan münasibətlər doğrudan da səmimidir, dostluq münasibətləridir və səfərin də bu münasibətlərin möhkəmlənməsində çox böyük rolu olacaqdır. Hörmətli xanım Kansler, bir daha xoş gəlmisiniz!" Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin