Reklam olunan cihazlar həqiqətən də arıqladır,


Digərləri 25 Avq 2018 22:57:00 280 0

Reklam olunan cihazlar həqiqətən də arıqladır,

son zamanlar sosial şəbəkələrdə arıqlamaq üçün nəzərdə tutulmuş xüsusi cihazların reklamı geniş vüsət alıb. Reklamlarda deyilir ki, bu qurğular vasitəsilə istənilən şəxsin hər hansı bir nahiyəsini bir neçə dəqiqə ərzində 2-3 santimetr arıqlatmaq mümkündür.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu zaman suallar yaranır ki, aylarla arıqlamaq üçün pəhriz saxlayıb, idman edən insanların bacarmadığını bu qurğular, doğrudan da edə bilir? Əgər edirsə, insanın qısa zamanda incəlməsi onun səhhətinə mənfi təsir göstərə bilər?

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, həmin qurğular vasitəsi ilə bədənə verilən dalğalar nəticəsində piy toxumaları parçalanır və insanda arıqlama prosesi sürətlənir: "Piylərin sovrulması üçün onların strukturu dağıdılmalıdır. Həmin cihazlar da buna hesablanıb. Amma həmin prosesin nə dərəcədə effektli olmasını, reallıqda insan orqanizminə təsirini bilmək üçün ya o aparatdan istifadə etmək, ya da müraciət edənlər arasında sorğu keçirmək lazımdır".

Professor qeyd edib ki, həmin qurğulardan istifadəni çəkisi çox olan, piylənmədən əziyyət çəkən xəstələrə həkim tövsiyə etməlidir: "Eyni zamanda prosedur həkim nəzarəti ilə həyata keçirilməlidir. Bizdə isə, təəssüflər olsun ki, bu proseduru reklam edərək müştəri cəlb edirlər və həkim müayinəsi olmadan həyata keçirirlər".

Həkim belə cihazların istifadəsinin insan sağlamlığına hər hansı bir zərərinin olub-olmamasına da aydınlıq gətirib: "Piylərin sovrulması zamanı insanın digər orqanları zərər görmür. O cihazlar sadəcə piy toxumalarına təsir edir".

Həkim Rasif Bağırovun fikrincə isə, sözügedən qurğular ancaq biznes tələsidir: "Azərbaycana belə cihazlar zaman-zaman gətirilir. Yaxşı reklam edib müştəri yığırlar. Bir müddət sonra insanlar bunun effektiv olmadığını anlayanda həmin insanlar da yoxa çıxırlar. Bir sözlə, bu işlə məşğul olan dələduzlar indi də həmin proses təkrarlayır".