Qarında ağrı nəyin əlaməti ola bilər?


Digərləri 25 Avq 2018 22:15:00 281 0

Qarında ağrı nəyin əlaməti ola bilər?

Ağrı - bizim orqanizmin qoruyucu reaksiyası olub, bədəndə nəyinsə qaydada olmadığını və ona yardım göstərilməsi lazım gəldiyini göstərən əlamətdir.

Buna görə də ağrı hissiyyatlarını diqqətsiz qoymaq və "hər şey öz-özünə keçər" deyə düşünmək olmaz! Əgər siz bədənin hər hansı bir hissəsində tez-tez ağrı hiss edirsinizsə mütləq həkimə müraciət edin!

Qarın nahiyyəsində olan ağrılar, ağrıların ən çox təsadüf etdiyi təzahürlərdən biri olduğu üçün biz əksər hallarda ona kifayət qədər diqqət yetirmirik. Bu isə böyük səhv hesab edilir, çünki vaxtında müracit edilmədiyi təqdirdə bu, insanın nəinki sağlamlığı, hətta həyatı üçün də təhlükəli ola bilər. Qarında ağrılar olarkən həkim məsləhəti olmadan ağrıkəsici dərmanların qəbul edilməsi qəti şəkildə yolverilməzdir!

Qarın nahiyyəsində olan ağrılar müxtəlif səbəblərdən baş verə bilər. Sağlam insanlar da qarın nahiyyəsində ağrı hiss edə bilərlər - bu normadan artıq yemək yedikdə baş verə bilər. Belə ağrılar adətən 15-20 dəqiqədən sonra keçir. Bu zaman spazmolitik dərman (həkimin məsləhəti ilə) qəbul etmək və bir qədər uzanmaq lazımdır.

Əlbətdə ki, əksər hallarda qarında olan ağrıların səbəbi qarın boşluğu orqanlarının (mədə, 12-barmaq bağırsaq, qara ciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, dalaq, nazik və yöğun bağırsaqlar) xəstəlikləri, həmçinin qida zəhərlənmələri, kəskin bağırsaq infeksiyaları olur.

Qida zəhərlənmələri və kəskin bağırsaq infeksiyaların əlamətləri - qarında güclü kəsici ağrılar, hərarətin qalxması, güclü ishal, meteorizm (qarında yel). Bu halda mütləq həkimə müraciət edin!

Hepatit (qara ciyərin iltihabı) xəstəliyi zamanı qarının sağ tərəfində qabırğaların altında ağrılar hiss edilir, sarılıq meydana çıxır, sidiyin rəngi tünd, nəcisin açıq olur. Bu əlamətlər meydana çıxan kimi tez bir zamanda həkimə müraciət etmək lazımdır!

Qastrit, qastroduodenit, mədə xorası xəstəliyi zamanı ağrı qarının yuxarı hissəsində hiss olunur və adətən ac qaldıqdan, kəskin və turş qidə qəbul etdikdən və stresdən sonra meydana çıxır. Qastrit zamanı ağrı tez-tez ürək bulanması, qusma, qıcqırma ilə müşayiət oluna bilər. Bu kimi simptomlar meydana çıxarsa mütləq həkim-qastroenteroloqa müraciət edin!

Sadaladığımız xəstəliklərdən başqa, şəkərli diabet, tireotoksikoz (qanda qalxanvari vəzi hormonlarının yüksək olması), revmatizm, pnevmoniya, ürək və aortanın xəstəlikləri, sinir sisteminin bəzi xəstəlikləri, bəzi qan xəstəlikləri, onurğa sütunu və böyrək xəstəlikləri (böyrək iltihabı, böyrək daşı) və s. hallarda da qarın nahiyyəsində ağrılar ola bilər.