Az miqdarda alkoqol da orqanizm üçün təhlükəlidir


Digərləri 25 Avq 2018 22:05:00 310 0

Az miqdarda alkoqol da orqanizm üçün təhlükəlidir

Alkoqollu içkilərin insan orqanizminə təsiri ilə bağlı yeni tədqiqatın müəllifləri qəti nəticəyə gəliblər: spirtli içkilərin hər hansı dozası insan orqanizminə zərər verir və hökumətlər insanlara bu zərərli vərdişdən birdəfəlik çəkinməyi tövsiyə etməlidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu qəti rəyin müəllifləri ABŞ-ın Vaşinqton Universitetinin tədqiqat qrupuna daxil olan alimlərdir. Aparılan geniş tədqiqatın "Lancet" tibb jurnalında dərc olunan nəticələrinə görə, 2016-cı ildə alkoqollu içkilər 2,8 milyon insanın ölümünə səbəb olub.

Tədqiqatın nəticələrinə görə, gündə 1-2 qədəh pivə, yaxud şərab içməyin sağlamlıq üçün təhlükəsiz olması barədə fikirlər də yanlışdır. "Elmi nöqteyi-nəzərdən sübut olundu ki, spirtli içkilərin təhlükəsiz dozası yoxdur", -deyən tədqiqat müəllifləri bu yanaşma tərzinə qəti mövqelərini bildiriblər.

Alimlər ABŞ-ın Sağlamlığın Qiymətləndirilməsi İnstitutunun 1990-2016-cı illərdə dünyanın 195 ölkəsində apardığı tədqiqatların nəticələrindən də istifadə ediblər. Bu müddətdə aparılan 529 tədqiqat nəticəsində alkoqollu içkilərdən istifadə edən 28 milyon insanın sağlamlığının pozulması faktları qeydə alınıb. Gündə bir qədəh qırmızı şərabın ürək-damar və şəkərli diabet xəstəliklərinə faydalı olması barədə fikirlər də bu tədqiqat zamanı təkzib olunub. Hətta spirtli içkilərin onkoloji xəstəliyə tutulma ehtimalını artırması, xüsusilə qadınlarda döş xərçənginin yayılmasında mənfi rol oynadığı da müəyyən edilib. Belə ki, Britaniyada hər 13 onkoloji xəstəlikdən birinin alkoqol mənşəli olduğu üzə çıxıb. Gənclərdə isə vərəm xəstəliyinin böyük bir hissəsinin, habelə yol qəzaları və intiharların çoxunun spirtli içkilərlə əlaqəli olduğu məlum olub.