Geştalt terapiya nədir?


Digərləri 25 Avq 2018 20:55:00 298 0

Geştalt terapiya nədir?

Geştalt almancadan tərcümədə "bütöv obraz" deməkdir. Metodun yaradıcısı Frederik Perlz hələ Almaniyada olarkən Z.Freydlə audiensiya (şəxsi görüş) haqda düşünürdü.

Son.az psixoloq.az-a istinadən bildirir ki, onunla söhbətləşmək, öz nöqteyi-nəzərini izhar etmək, metrin bəzi nəzəri xəta və yanlışlıqlarını müzakirə etmək istəyirdi. Almaniyada siyasi vəziyyətin kəskin pisləşməsi Perlzı ölkəni tərk etməyə sövq edir. O əvvəl Hollandiyaya, sonra Cənubi Afrikaya köçür. Afrikada işləri qaydasında gedir. O burada psixoanaliz institutu yaratmağa müvəffəq olur, özünə təyyarə və bahalı rayonda dəbdəbəli malikanə alıb savadlı geştalt-terapevt kimi tanınmağa başlayır. 1936-cı ildə özü idarə etdiyi şəxsi təyyarə ilə 2000 mil yol qət edərək psixoanalizə həsr olunmuş konfransda iştirak etmək üçün Avropaya gəlir. Böyük çətinlik və şəxsi əlaqələr hesabına Freydlə görüşə nail olur. Metr qonağı uzun müddət dəhlizdə gözlətdikdən sonra nəhayət ki, pişvazına çıxır. Onların arasında mənasız dialoq baş tutur:

- Mən Cənubi Afrikadan gəlmişəm ki, burada mühazirə oxuyum və sizinlə tanış olum. - deyir Perlz.

Freydin cavabı gözlənilməz olur:

- Çox əcəb. Nə vaxt qayıdıb gedirsiniz?

Daha dörd dəqiqə havadan danışdıqdan sonra onlar həmişəlik ayrılırlar. Bu görüş Perlzı qəlbinin dərinliklərinə qədər təhqir edir.İnsident öz misalı ilə yarımçıq geştalta gözəl nümunə sayıla bilər. Bundan sonra Perlz ömür boyu Freyd ilə xəyali dialoqlar quraraq metrin zəif cəhətlərini üzünə çırpmış, yeni konsepsiyanın müxtəlif çalarlarını aşkarlamışdı. Nəticədə natamam geştalt nəzəriyyəsi təkmilləşdirilmiş, qazanan psixoanaliz olmuşdu.

Qeyd edildiyi kimi geştalt - bütövlükdə qavrama deməkdir. Biz rəsm əsərinə baxanda tək-tək rəng yaxmalarını yox, ümumi tandemi görürük. Avstriya fiziki və filosofu Ernst Max göstərmişdi ki, musiqinin tonallığının dəyişdirilməsi onun tanınmasına əngəl törətmir. Çox məşhur daha bir misal var. Kembric universitetinin tədqiqatlarına əsasən sözlərdə hərf ardıcıllığı pozulsa belə, ilk və son hərflərin yerində işlədilməsi sözlərin düzgün oxunmasına rəvac verir. Çünki insan beyni tək-tək həfrrəli yox, bövütlüdkə szöü ouxuyr.

Tamamlanmamış prosesləri beyin fiksə etməyə meyllidir. Bu, bir psixoloqun adı ilə Zeyqarnik effekti adlanır. Bu şəxs müşahidə etmişdi ki, kafedəki ofisiantlar yerinə yetirilməyən sifarişləri yadda saxladıqları halda icra olunmuş sifarişləri həmən unudurlar. Sonrakı tədqiqatlar onun müşahidəsinin təsdiqini verdi - icra olunmamış vəzifələr insan beynində müəyyən gərginlik yaradır.

Natamam geştalt nə vaxt yaranır?

1.İllər boyu arzusunda olduğunuz bir şeyə çatmayanda.

2.Kimləsə münasibətiniz müəmmalı şəkildə qırılırsa, yaxud qəribə tərzdə sonuclanırsa.

3. Hansısa iş yarımçıq saxlanılırsa.

Bir sözlə, istənilən natamam akt haqqında söhbət açdığımız kompleksin yaranmasına səbəb olur. Kompleksin yaranmasının göstəriciləri - sizi narahat edən keçmişə qayıtmaq həvəsiniz; sadalanmış mövzulara xəyalən döndüyünüzdə daxilinizdə baş qaldıran qıcıq və diskomfort hissidir.

Evdə illərlə istifadə olunmayan əşyalar, çardaq və ya zirzəmidə keçən əsrdən qalma relikviya, lazım olmayan kompüter faylları, köhnə kağızlar, sənədlər, heç cür bağışlaya bilmədiyiniz insanlar, unutmaq iqtidarında olmadığınız neqativ hallar və s. və il. - bunlar hamısı yarımçıq geştalt ordusunun əsgərləridir.

Frits Perlzin fikrinə görə nevrozu kultivirə edib qidalandıran əsas mənbə tamamlanmamış (açıq) geştaltdır.

Natamam geştalt özbaşına bağlana bilərmi? Yox, əlbəttə. Burada ən düzgün yol onu mümkün qədər iqnor etməkdir. Əgər siz bütün emosiyalarınızla onu həyatınızda saxlayırsınızsa (dönə-dönə üzərinə qayıdır, götür-qoy edir, gecə-gündüz fikirləşir və beləliklə onu öz həyat enerjinizlə qidalandırırsızsa) o zaman əmin ola bilərsiniz: o heç zaman bağlanmayacaq.

Burda V.Zelandı xatırlamaq yerinə düşür. "Reallığın transerfinqi". Arzuladığınız bir şeyin həyata keçməsi ona verdiyiniz dəyərdən və vaciblik statusundan asılıdır.  Amma limit gözlənilməlidir. "Çılğınlıqla arzulamağın kifayətdir ki, istədiyinə çatasan" - bu kəlamı unuda bilərsiz. Karmist nəzəriyyəçilərin də təməl müddəalarından biri ideallaşdırmaya aid idi, yəni heç nəyi mütləqləşdirib, konstant səviyyəsinə yüksəltmək lazım deyil. Beləliklə, siz onu bütləşdirib dinamik mövcudiyyat interaktivindən çıxarırsız, dialektik qanunauyğunluqların civarında buraxırsız və o öz müdhiş, rigid, ölü və daşlaşmış implisitliyində davam edir. Mübarizə aparmaq olar, əlbəttə, amma transparantlarsız.

Arzulara aşırı dəyər vermək lazım deyil. Bu, onların həyata keçməsinə əngəl törədir. Onlara qarşı yadlıq nümayişi gərəkdir.

İstənilən eyləm öz məntiqi sonluğuna yetməsə barmağa batıb toxumada irinləyən tikan kimi sürəkli problem törədərək həyatınızı zəhərləyəcək.

Hər birimiz həyat boyu yüzlərlə yarımçıq geştalt qazana bilırık. Deyilməyib ürəkdə qalan söz,  əziz insanla konflikt, borc imtahan kəsirləri və s.

Sadə misal üzərində belə izah etmək olar: Siz monitorda çoxlu miqdarda pəncərə açmısınız və kompüter "asılıb qalıb", hətta sönməsi də mümkündür. Təxminən analoji mexanizmlə insanın altşüuru natamam geştaltlarla zəhərlənir ki, bu da şəxsi inkişafa, məqsədə doğru irəliləməyə əngəl törədir.

Şüuraltı üçün nə keçmiş, nə gələcək var. Ora ötürülmüş bütün komplekslər tək bir zamanda - İndi mövcuddur. Ona görə vaxtaşırı həyatımıza sirayət edib onun normal gedişatını poza bilir.

Natamam geştalt fəsadsız ötüşmür.