Mehriban Əliyeva: Şəfqət, mərhəmət, dövlətə və xalqa xidmət nümunəsi


Digərləri 25 Avq 2018 17:22:00 218 0

Mehriban Əliyeva: Şəfqət, mərhəmət, dövlətə və xalqa xidmət nümunəsi

Mehriban xanım Əliyevanın fəaliyyəti dünya miqyasında yüksək dəyərləndirilir.

Bakı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin yenidən dirçəldilməsi, onların qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində böyük işlər görüb. Azərbaycan və dünya xalqlarının sosial-mənəvi həyatına verdiyi töhfələrlə yanaşı, Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə də nümunə təşkil etməkdədir. Mehriban xanım Əliyevanın fəaliyyəti dünya miqyasında yüksək dəyərləndirilir Mehriban xanım Əliyevanın gördüyü işlər təkcə Azərbaycanda deyil, dünya miqyasında da yaxından izlənilir və yüksək qiymətləndirilir. Elə buna görədir ki, Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti daim diqqət mərkəzində olub və ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülüb. Mehriban xanım Əliyeva 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə YUNESKO-nun xoşməramlı səfiri adına, 2005-ci il iyunun 9-da ictimai, messenatlıq və xeyriyyəçilik fəaliyyətinə, həmçinin təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin messenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı”na, həmçinin, iki mötəbər mükafata - Fransa dövlətinin “Şərəf Legionu” ordeninə və YUNESKO-nun “Qızıl Motsart” medalına, eyni zamanda, Krans Montana Forumunun Qızıl medalına, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomuna, Azərbaycanda “Heydər Əliyev” ordeninə, Rusiyada Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə, İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeninə layiq görülüb. Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsası Mehriban xanım Əliyeva tərəfindən qoyulub Mehriban xanım Əliyevanın Azərbaycan cəmiyyəti üçün həyati əhəmiyyət daşıyan fəaliyyət istiqamətlərindən biri də xeyriyyəçilikdir. Mehriban xanımın bu sahədəki fəaliyyətini izlədikdə bir daha əminliklə demək olar ki, Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsası Mehriban xanım Əliyeva tərəfindən qoyulub. Məhz bu gün ölkəmizdə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə xeyriyyəçilik sektorunun köhnə filantropiyaya xas olan paternalizm ruhundan azad olunması və onun mütəşəkkil, ölkə miqyasında konsolidasiya edilmiş, öz standartları, infrastrukturu və texnologiyaları olan müasir “sənaye”yə çevrilməsini müşahidə edirik. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur. Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edir ki, müasir Azərbaycanda xeyriyyəçilik institutunun inkişaf perspektivləri, ilk növbədə, ölkəmizin gələcək iqtisadi inkişafı, sosiomədəni modernləşməsi, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və cəmiyyətimizin mənəvi tərəqqisi ilə bağlıdır: “Çünki bu amillər bir-biri ilə bağlıdır və bütövlükdə xeyriyyəçilik sahəsində dəyişikliklər tələb edən, eyni zamanda, bunun üçün zəruri imkanlar yaradan prinsipcə yeni mühit formalaşdırır. Şübhəsiz, iqtisadiyyat inkişaf etdikcə, vətəndaşlarımızın maddi rifahı yüksəldikcə, əhalinin sosial müdafiəsi və dəstəklənməsi tədbirləri gücləndikcə, xeyriyyəçiliyin strukturunda əhalinin imkansız təbəqəsinə birbaşa maddi yardımın xüsusi çəkisinin azalması labüddür. Buna müvafiq olaraq, xeyriyyəçilik resursları getdikcə daha artıq dərəcədə başqa ictimai ehtiyaclara - mədəniyyətin, elmin, təhsilin, səhiyyənin, idmanın inkişafına, təbii mühitin qorunmasına və yaxşılaşdırılmasına, digər oxşar sahələrə yönələcək. Azərbaycan cəmiyyətinin sosiomədəni transformasiyası xeyriyyəçilərin öz fəaliyyətlərində “ənənəvi” cəmiyyət üçün daha çox səciyyəvi olan adət və ənənələri deyil, səmərəlilik, praqmatizm, ictimai faydalılıq mülahizələrini və özlərinin üstünlük verdikləri məqamları rəhbər tutacaqlarına gətirib çıxaracaq”. Göründüyü kimi, bu gün ölkəmizdə fərdi və korporativ filantropiya ilə yanaşı, xeyriyyəçilik sisteminin bir sosial institut kimi iş mexanizmində xüsusi imkanları və məxsusi yeri olan mütəşəkkil vətəndaş xeyriyyəçilik sektoru formalaşır və o, gələcək perspektivlərdə daha da möhkəmlənəcək. Təbii cəmiyyətin demokratikləşməsi və humanistləşməsi yolu ilə irəlilədikcə, ölkəmizdə xeyriyyəçiliyin tərəqqisi yolundakı mənəvi-əxlaqi maneələr də aradan qalxacaq. Əlbəttə ki, bu vacib sektorda Mehriban xanım Əliyevanın əsasını qoyduğu ənənə və nümunəvi fəaliyyət müasir Azərbaycan xeyriyyəçilik institutunun daha da inkişafına yeni imkanlar açır, stimul verir. Heydər Əliyev Fondu: sosial-mədəni və humanitar layihələrin təşəbbüskarı, insanların ümid yeri Mehriban xanım Əliyeva 2004-cü ildən təsis edilmiş Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan cəmiyyəti və dünya xalqları üçün xüsusi əhəmiyyəti ilə seçilən sosial-humanitar layihələrin təşəbbüskarı və reallaşdırıcısı olub. Yarandığı gündən qarşısına qoyduğu ali məqsədlərin gerçəkləşdirilməsi naminə inamla çalışan, qısa müddətdə strateji əhəmiyyət daşıyan bir sıra layihələri gerçəkləşdirən Heydər Əliyev Fondu son 14 ildə cəmiyyətdə xeyirxahlıq ünvanına çevrilib. Ulu öndər Heydər Əliyevin ideallarından ruh alan Fond Onun nəcib və müqəddəs əməllərini yaşatmaq üçün ən müxtəlif sahələrdə sistemli tədbirlər həyata keçirib, hər bir vətəndaşın zəruri istək və arzularının reallaşmasına, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verib. Heydər Əliyev Fondu ötən illərdə ictimaiyyətin ən müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirməklə, Azərbaycanın hərtərəfli inkişafına və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə sanballı töhfələrini verib. Fondun fəaliyyəti, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təminatına yönəlib, qısa müddətdə bu sahədə böyük işlər görülüb. Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək edib, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləyib, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə töhfələrini verib, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərib. 2004-2018-ci illər ərzində fonda müraciət etmiş insanlara kömək göstərilməsi üçün səhiyyə müəssisələri ilə sıx əlaqə qurulub, minlərlə insanın müayinə və müalicəsi üçün lazımi tədbirlər həyata keçirilib. Təhsil ocaqlarındakı kimsəsiz uşaqların sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən sosial layihələr xüsusilə təqdirəlayiqdir. Bu layihələr səhhətindəki problemlər üzündən əziyyət çəkən insanları yenidən sağlam həyata qaytarır və onlara həyat eşqi verir. Fondun “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri də cəmiyyətdə daha böyük diqqət və rəğbətlə qarşılanıb. Heydər Əliyev Fondu ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına köməklik göstərib. Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri də vətəndaşların təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlayıb, bir sıra uğurlu nəticələr əldə edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regionlarında 300-dən çox yeni məktəb binası inşa olunub və lazımi avadanlıqlarla təchiz edilib. Fondun təhsillə bağlı layihələri sırf Azərbaycanla məhdudlaşmır. Belə ki, 2007-ci ildə Niderlandın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmayıb, məktəbə kompüter dəsti və dərs vəsaitləri göndərilib. 2008-ci ilin fevralında isə Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqlarla təmin olunub. Eyni zamanda, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Rusiyada, Gürcüstanda, Misirdə yeni məktəb binaları tikilərək istifadəyə verilib. Bütün bunlarla yanaşı, Fond xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir. Fond Fransada Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək edib. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə də dəstək verib. Azərbaycan həqiqətlərinin carçısı – Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin, mətbəxinin, ümumiyyətlə milli mədəni-mənəvi dəyərlərimizlə əlaqəli bütün tarixi nailiyyətlərimizin dünya miqyasında təbliğ edilməsi Mehriban xanım Əliyevanın dövlətimiz və xalqımız qarşısında görüdüyü misilsiz xidmətlərin tərkib hissəsidir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu irimiqyaslı, möhtəşəm layihələri ilə Azərbaycanın dünya miqyasında multikultural, tolerant ölkəyə çevrilməsinə də güclü dəstək olub. Prezident İlham Əliyev də Fondun fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib: “Mehriban Əliyevanın rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir”. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin də beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Elə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar, ingilis, fransız, ərəb, alman və rus dillərində “Qarabağ həqiqətləri” adlı bukletlər Fondun bu sahədəki fəaliyyətinin əyani vəsaitləridir. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün dünyanın aparıcı dövlətlərinin paytaxtlarında və böyük şəhərlərində dünya ictimaiyyətinin diqqətini çəkən, həmin ölkələrin siyasi, mədəni, elmi elitasını bir araya toplayan tədbirlərə də imza atıb. Məhz Moskva, Berlin, Strasburq, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Vaşinqton, Nyu York, Varşava, London, Dubay, Haaqa, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyaların keçirilməsi, xarici ölkələrdə Fondun hazırladığı “Xocalı soyqırımı” filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyaların nümayiş olunması, Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin, fotoşəkillərin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilməsi, Fondun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” kitablarının dünya ölkələrində paylanması beynəlxalq ictimaiyyətdə Azərbaycan həqiqətləri barədə dolğun təsəvvürün formalaşdırılması işinə xidmət edir, töhfələrini verir. Dövlətə və xalqa xidmətin nümunəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva sosial, humanitar, mədəni sahələrdəki işləri ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə də nümunə təşkil edir. Qeyd etmək yerinə düşər ki, Mehriban xanım Əliyeva Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının 1992-ci ildən fəal üzvü olub və bu gün də partiyanın Sədr müavini kimi müasir və müstəqil dövlətimizin daha da inkişaf etməsi prosesinin ən aparıcı simasına çevrilib. Heydər Əliyev Fonduna rəhbərlik etdiyi, Milli Məclisə deputat seçildiyi vaxtdan bəri ölkə həyatının elə bir sahəsi olmayıb ki, Mehriban xanım Əliyevanın diqqətindən kənarda qalsın. Daim seçicilərinin yanında olan, onların problemlərini dinləyən və həll edən deputat kimi bütün xalqın rəğbətini və məhəbbətini qazanan Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi hər bir azərbaycanlını ürəkdən sevindirirdi. Çünki, Ümummilli Lider Heydər Əliyevin ölməz ideyalarına bütün varlığı ilə bağlı olan, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli daxili və xarici siyasətə layiqli töhfələrini verən Heydər Əliyev Fondunun prezidentinin Ulu Öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövlətinin ali idarəetmə sistemində ikinci yüksək vəzifəni daşımasına çoxdan siyasi və mənəvi haqqı çatırdı. Xalqımızın milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında Mehriban xanımın müstəsna xidmətləri onu cəmiyyətə mötəbər ictimai-siyasi xadim kimi tanıtmışdı. Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasının səbəbi böyük idarəçilik təcrübəsi və xalqının sevgisini qazanması ilə yanaşı, həm də ölkə Prezidenti İlham Əliyevin ən yaxın silahdaşı, yardımçısı, mənəvi dəstəkçisi olması ilə bağlı idi. Daha doğrusu, Azərbaycanın birinci xanımı Birinci vitse-prezident təyin olunana qədər deputat və Fond rəhbəri kimi reallaşdırdığı uğurlu layihələrlə, dövlət müstəqilliyimizin əsaslarının və Prezident İlham Əliyevin liderlik nüfuzunun möhkəmlənməsinə geniş ictimai dəstək qazandırmışdı. Mehriban xanım Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirədə də qaçqın və məcburi köçkünlərin problemlərini, bu istiqamətdə görülən işləri diqqət mərkəzində saxladı, bundan sonra da görüləcək işləri, qarşıda duran vəzifələri diqqətə çatdırdı. O, yeni missiyasına başlamaqla ağır sosial şəraitdə yaşayan insanların problemlərinin həlli üçün qısa müddətdə yeni layihənin həyata keçiriləcəyini vurğuladı. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva mətbuata müsahibələrinin birində belə deyir: “Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən”. Bir sözlə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın işləri Azərbaycanda və dünya ölkələrində dərin hörmətə, rəğbətə, xoş münasibətə əsas yaradan ali fəaliyyət nümunəsi kimi qəbul edilməkdədir. Siyavuş Novruzov, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin