Bundestaqın deputatı: Azərbaycan Cənubi Qafqazda Almaniyanın vacib ticarət tərəfdaşıdır


Digərləri 25 Avq 2018 15:23:00 271 0

Bundestaqın deputatı: Azərbaycan Cənubi Qafqazda Almaniyanın vacib ticarət tərəfdaşıdır

Milli Məclisin Almaniya ilə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu üzvlərinin Almaniya Bundestaqının deputatlarından ibarət nümayəndə heyəti ilə görüşü olub.

Bakı. Milli Məclisin Almaniya ilə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu üzvlərinin Almaniya Bundestaqının deputatlarından ibarət nümayəndə heyəti ilə görüşü olub. Milli Məclisdən Trend-ə verilən məlumata görə, parlamentin deputatı Xanlar Fətiyev qonaqları salamlayaraq bildirib ki, ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlər mühüm rol oynayır. O, Almaniya ilə siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini söyləyib. Görüşdə çıxış edən deputat Asim Mollazadə bildirib ki, cari ildə almanların Azərbaycana gəlişinin 200 illiyi qeyd olunur. İllər öncə ölkəmizə köçmüş almanlar burada qardaşlıq, əmin-amanlıq şəraitində yaşayırlar. Millət vəkili Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açaraq söyləyib ki, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bu gün Gürcüstan, Moldova, Ukrayna eyni problemlə üzləşib. Bu, bizim müstəqillik mübarizəmizdir. Azərbaycan demokratiya yolunu seçib, insan azadlıqlarının qorunması bizim üçün çox vacib amildir. Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqı fraksiyasının sədr müavini Johann Vadephul səmimi görüşə görə təşəkkürünü ifadə edib. Diqqətə çatdırılıb ki, nümayəndə heyətinin tərkibində Bundestaqın bütün fraksiyalarının üzvləri təmsil olunublar. Qonaq bildirib ki, ölkələrimiz beynəlxalq müstəvidə, bir çox mötəbər təşkilatlarda, o cümlədən Avropa Şurasında əməkdaşlıq edirlər. O, qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycan Cənubi Qafqazda Almaniyanın vacib ticarət tərəfdaşıdır. Johann Vadephul vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, xüsusilə enerji sahəsində böyük nailiyyətlər əldə olunub. Bu, Almaniya şirkətləri üçün geniş imkanlar yaradır. Almaniya Bundestaqının üzvü bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli önəmli məsələdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, problem beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Almaniya münaqişənin aradan qaldırılması istiqamətində səy göstərməyə hazırdır. Söhbət zamanı parlamentlər arasında, o cümlədən dostluq qrupları səviyyəsində əlaqələrin inkişafı, ölkələrimizin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sevin Fətəliyeva, Malik Həsənov, Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin üzvləri Barbara Hendriks, Armin-Paulus Hampel, Azad Demokrat Partiyası fraksiyasının sədr müavini Frank Sitta, Şərqi Avropaya doğru xarici siyasət üzrə fraksiyanın sədri Manuel Sarrazin, İnkişaf siyasəti üzrə fraksiyanın sədri Helin Sommer və digər rəsmi şəxslər iştirak ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin